Azərbaycan, Bakı, 15 fevral / Trend, müxbir E.İsmayılov /
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirlərin artırılması çərçivəsində səhmlərə yatırımlar etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə fondun çərşənbə günü yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin 2011-ci il 29 dekabr tarixində təsdiqlədiyi ARDNF-nin investisiya strategiyasına uyğun olaraq 2012-ci ildə fondun ümumi investisiya portfelinin beş faizinə qədəri səhmlərə yatırıla bilər.
İlkin mərhələdə səhmlərin investisiyalaşdırılması prosesi xarici menecerlər vasitəsilə həyata keçiriləcək. Menecerlərin seçimi təkliflər sorğusu metodu əsasında aparılacaq.
2011-ci ilin yekunları üzrə fondun investisiya portfelinin ümumi həcmi 29629,89 milyon dollar, yaxud ARDNF-nin aktivlərinin ümumi həcminin 99,43 faizini təşkil edib.
2012-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Neft Fondunun aktivləri 29,8 milyard dollar təşkil edib.