Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir E.İsmayılov/
Azərbaycanda mərkəzləşdirilmiş istilik sistemindən istifadənin genişlənməsi qazdan istifadə nəticəsində baş verən bədbəxt hadisələrin azalmasına gətirib çıxaracaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin (İB) sədr müavini Aydın Amanov bildirib.
Onun sözlərinə görə, bir çox evlərdə mərkəzləşdirilmiş istilik sisteminin olmaması isinmə üçün əhalinin istifadə etdiyi həm qaz, həm də elektrik enerjisinin istehlak həcminin artmasına səbəb olur. Bununla yanaşı, abunəçilər otağı qızdıran zaman tez-tez standartlara uyğun olmayan qaz cihazlarından istifadə edirlər. Digər tərəfdən, bir çox halda qazdan istifadə və qazın çəkilməsi qaydaları pozulur.
"Mərkəzləşdirilmiş istilik sistemindən istifadə isinmə üçün istifadə edilən qazın həcmini azaldacaq", - Amanov qeyd edib.
Azərbaycan ərazisində əlverişsiz hava şəraiti və güclü şaxtalar zamanı qazın verilişi sualına gəlincə, o qeyd edib ki, bu dövrdə əhaliyə qazın verilişində problem müşahidə edilməyib.
Kiçik lokal problemlər əsasən temperatur amilindən yaranırdı, nəticədə boru kəmərlərinin birləşmə yerlərinin ayrılması yarana bilər ki, bu da qaz sızmasına səbəb olur. Belə problemlər əsasən köhnə qaz xətlərində müşahidə edilir. Həmin xətlər gələcəkdə tamamilə yenilənəcək.
"Sızmalar çox tez aşkar edilir və qısa müddətdə aradan qaldırılır. Bu həm təhlükəsizliyin təmin edilməsi, həm də istehlakçıları fasiləsiz qaz tədarükü ilə təmin etmək üçün lazımdır", - Amanov qeyd edib.
Onun sözlərinə görə, son illər ərzində paylayıcı qaz və bütün qaz təsərrüfatı sisteminin yaxşılaşdırılması və yenilənməsi sahəsində xeyli nəticələr əldə edilib. Bu işlər hazırda davam etdirilir və gələcəkdə də davam etdiriləcək ki, bu da ölkənin qazlaşdırılması səviyyəsini daha da yüksəltməyə, habelə qaz tədarükünün keyfiyyətinin və təhlükəsizliyinin artırılmasına imkan verəcək.
Abunəçilərdə qaz sızması, eləcə də dəm qazından zəhərlənmə hallarının qarşısını almaq məqsədilə Amanov əhalini qaz sızması təhlükəsini əvvəlcədən xəbərdar etməyə imkan verəcək qaz detektorlarından istifadə etməyə çağırıb.
İstehlakçılar, həmçinin öz təhlükəsizliklərini təmin etmək üçün qaz istifadəsi sahəsində mövcud olan çatışmazlıqları vaxtında aradan qaldırmalı, dəm qazından zəhərlənmədən yayınmaq məqsədilə tüstü bacalarını təmizləmək üçün tədbirlər görməlidir.