...

"Azərikimya"da bütün mühəndis-texniki işçilərin test imtahanlarına başlanılıb (FOTO)

Energetika Materials 19 İyun 2012 18:34 (UTC +04:00)
ARDNŞ-nin bütün müəssisələrində olduğu kimi, "Azərikimya" İstehsalat Birliyində də son illər insan amilinə, hər bir kimyaçının əməyinin mühafizəsinə, sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir.
"Azərikimya"da bütün mühəndis-texniki işçilərin test imtahanlarına başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 19 iyun /Trend/

ARDNŞ-nin bütün müəssisələrində olduğu kimi, "Azərikimya" İstehsalat Birliyində də son illər insan amilinə, hər bir kimyaçının əməyinin mühafizəsinə, sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir.

Bu mühüm məsələdə müəssisə tərəfindən yalnız əmək şəraitinin yaxşılaşdırılması və profilaktik təhlükəsizlik tədbirlərinin görülməsi heç də həmişə kifayət etmir. Belə ki, bütün hallarda hər bir əməkçinin təhlükəsizliyinin təmin olunması görülmüş tədbirlərlə yanaşı onun texniki təhlükəsizlik qaydalarını hansı səviyyədə bilməsindən, fərdi olaraq onlara nə dərəcədə əməl etməsindən bilavasitə asılıdır.

Məhz bunu əsas tutaraq, "Azərikimya"da hər bir işçinin - həm mühəndis-texniki kadrların, həm sıravi kimyaçı fəhlələrin, həm də bütün sex və istehsalat rəhbərlərinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını mükəmməl bilməsi üçün ilin əvvəlindən başlayaraq bu sahənin təcrübəli mütəxəssisləri tərəfindən ayda bir neçə dəfə olmaqla xüsusi treninqlər keçirilib. Təlim-treninqlər son zamanlar müəssisələrdə, ayrı-ayrı sex və istehsalatlarda təhlükəsizlik texnikası üzrə xüsusi olaraq yaradılmış ixtisaslaşdırılmış kabinetlərdə, müvafiq slayd-filmlər nümayiş etdirilməklə və əyani vasitələrdən istifadə etməklə aparılıb.

Bütün Birlik üzrə nəzəri və praktik təlim-treninqlər yekunlaşdıqdan sonra isə artıq test imtahanlarına başlanılıb.

Bu günlərdə "Azərikimya"nın şöbələri üzrə keçirilən ilk test-sınaq imtahanları mühəndis-texnik işçilərin əvvəlki illərdən fərqli olaraq əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə kifayət qədər yüksək nəzəri və praktiki biliyə malik olduqlarını nümayiş etdirib. Ümumilikdə, 450-dək müxtəlif sualın olduğu biletlərdən hər birində 5 sual öz əksini tapıb ki, Birlik işçiləri həmin suallara kifayət qədər tam və düzgün cavab veriblər. Nəticələr imtahandan dərhal sonra "Azərikimya" İB üzrə xüsusi olaraq yaradılmış imtahan komissiyası tərəfindən müəyyənləşdirilib.

Qısa müddət ərzində Birliyin 100 nəfərə qədər mühəndis və texniki işçisi test imtahanlarını müvəffəqiyyətlə başa vurub. İmtahanlarda yüksək nəticənin əldə olunmasında ilin əvvəlindən başlayaraq Birliyin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə kadrların seçimində yeni yanaşmanın tətbiqinin, bu sahədə çalışan hər bir mütəxəssisin daimi olaraq öz üzərilərində çalışmalarının, ixisaslarını artırmalarının da müəyyən rolu olub.

İyun ayının sonuna kimi "Azərikimya"nın idarə və müəssisələrinin bütün sıravi və baş mütəxəssisləri, sex və istehsalat rəhbərləri, həmçinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbələrinin işçiləri də imtahan verəcəklər ki, bunun da nəticəsi olaraq onların hər birinə müvafiq vəsiqələr təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti