...

Bakıda İstedadlar Təhsil Kompleksinin Bağça və məktəbəqədər təhsil bölməsi açılıb

Energetika Materials 1 Noyabr 2012 18:39 (UTC +04:00)
Bu gün Bakı İstedadlar Təhsil Kompleksinin Bağça və məktəbəqədər təhsil bölməsinin açılışı olub.
Bakıda İstedadlar Təhsil Kompleksinin Bağça və məktəbəqədər təhsil bölməsi açılıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.İsmayılov/

Bu gün Bakı İstedadlar Təhsil Kompleksinin Bağça və məktəbəqədər təhsil bölməsinin açılışı olub.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, şirkətin rəhbər işçiləri, İngiltərənin "Gabbitas" Məsləhətçi Təhsil şirkətinin nümayəndəsi Hyu Monro, kompleksin rəhbərliyi, qonaqlar və valideynlər iştirak ediblər.

ARDNŞ-dən Trend-ə bildiriblər ki, Bibiheybətdə 7 hektar ərazidə inşa olunmuş Bakı İstedadlar Təhsil Kompleksinin Bağça və məktəbəqədər tədris bölməsində təhsil alacaq 3-5 yaşlı uşaqlar üçün rəsmxətt otağı, interaktiv lövhə, musiqi, təsviri sənət nümunələri, habelə teatr səhnəciklərinin hazırlanması üçün otaqlar, fənn kabinetləri, kitabxana, konstruksiya bürosu, emalatxana, istirahət guşəsi, üzgüçülük hovuzu, idman zalı, 200 nəfərlik holl, yeməkxana və mətbəx yaradılıb.

ARDNŞ prezidentinə məlumat verilib ki, bağça və məktəbəqədər, ibtidai və orta təhsil bölmələrindən ibarət 1200 şagird üçün planlaşdırılmış Bakı İstedadlar Təhsil Kompleksində yaxın müddətdə digər bölmələr üçün 100 yerlik kitabxananın, iki idman zalının, 400 metrlik qaçış zolağının, 900 nəfərlik akt zalının, konfrans otaqlarının, pedaqoji heyət üçün iş otaqlarının, elmi laboratoriyaların, daxili hovuzun, futbol və basketbol meydançalarının, ibtidai və orta təhsil bölmələri üzrə ayrı-ayrı yeməkxana və mətbəxlərin, 120 şagirdlik yataqxananın, tibb məntəqəsinin, 3D planetarisinin, robot texnikası və animasiya otaqlarının yaradılması planlaşdırılır.

Yüksək səviyyəli kadr hazırlığına, respublikamızda praktiki öyrənmə metodlarının, o cümlədən İngiltərə-Uels kurikulumunun aspektlərinin tədris olunmasına xidmət edəcək Kompleksdə təhsil alacaq şagirdlərin yaşına və inkişaf dövrünə uyğun olan mütərəqqi təlim mühitinin təmin edilməsi, zəkalı düşüncə tərzi üzrə zəruri bacarıqların inkişaf etdirilməsi, informasiya texnologiyalarından istifadə etməklə effektiv tədrisin həyata keçirilməsi nəzərdə tutulur.

Yaradılmış şəraitdən razı qaldığını söyləyən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Bakı İstedadlar Təhsil Kompleksi təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yaşayan, yüksək intellektual qabiliyyətə və parlaq istedada malik uşaqların aşkara çıxarılması və onlara müasir standartlar səviyyəsində bilik və bacarıqların aşılanması üçün nəzərdə tutulmuş yeni tipli təhsil müəssisəsidir. Burada imkansız ailələrdən olan uşaqlara xüsusi qayğı və diqqət göstəriləcəyini vurğulayan Şirkət rəhbəri pedoqoji kollektivi təbrik etmiş, onlara uğurlar arzulamış, məktəb rəhbərliyinə tövsiyə və tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti