Azərbaycan, Bakı, 15 yanvar /Trend/
2013-cü il yanvarın 1-nə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 13 qazpaylayıcı stansiya və tənzimləyici məntəqə quraşdırılıb, 39-u əsaslı təmir olunub. 2012-ci il ərzində Birliyin sifarişi ilə 6362,7 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib, 2855,3 kilometr uzunluğunda qaz kəməri əsaslı təmir edilib. Ümumiyyətlə, Birliyin fəaliyyət göstərdiyi 2009-2012-ci illər ərzində 16 157,7 kilometr uzunluğunda yeni qaz kəməri quraşdırılıb, 5953,9 kilometr uzunluğunda qaz kəməri əsaslı təmir edilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 2013-cü il yanvarın 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 483 769-na (1 465 254 əhali, 18 515 qeyri-əhali abonenti) çatdırılıb. Bu abonentlərin 664 921-i Bakı şəhəri (655 035 əhali, 9886 qeyri-əhali abonenti), 818 848-i isə regionların payına düşüb (810 219 əhali, 8629 qeyri-əhali abonenti). Ümumilikdə 1 483 451 abonent (99,98 faiz) sayğaclaşdırılıb ki, bu rəqəmin də 1 464 936-sı əhali (99,98 faiz), 18 515-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır.
Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 654 905 əhali abonenti (99,98 faiz), 9886 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 810 031 əhali abonenti (99,98 faiz) və 8629 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 664 791 abonent (100 faiz), regionlar üzrə isə 818 660 abonent (100 faiz) sayğaclaşdırılıb. Yanvarın 1-nə əhali abonentlərinin mənzillərində 594 mindən çox "smart-kart" tipli sayğac quraşdırılıb.
Ötən il 184 yaşayış məntəqəsi qazlaşdırılıb, 119 527 yeni əhali abonenti təbii qazla təmin olunub. Birliyin fəaliyyəti dövründə qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 408-ə, qazla təchiz olunmuş yeni əhali abonentlərinin sayı 315 524-ə çatdırılıb. Cəbhə bölgələrinə yaxın yaşayış məntəqələrinin və sərhəd rayonlarının qazlaşdırılmasına xüsusi diqqət yetirilib, Ağdam və Qazax rayonlarının qazlaşdırılması tam başa çatıb.
İl ərzində magistral kəmərlərin etibarlı qaz təchizatı və təhlükəsiz istismarını təmin etmək, eləcə də qaz itkisinin azaldılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 1200 mm-lik "Qazıməmməd-Astara" magistral qaz kəmərinin Biləsuvar rayonu ərazisində Araz çayının yeni məcrasına düşən 131-138-ci kilometrlərarası sahəsində 7 kilometr uzunluğundakı hissəsi yenidən qurularaq istismarda olan qaz kəmərinə qoşulub. "Qazıməmməd-Astara" magistral qaz kəmərinin Hacıqabul rayonu ərazisindəki 196-cı kilometrliyində 2,2 kilometr uzunluğundakı hissəsi yeni borularla əvəz edilib, həmin ərazidən kənarlaşdırılaraq istismarda olan qaz kəmərinə qoşulub. 530 mm-lik "Azadkənd-İmişli" magistral qaz kəmərinin 19,9-cu kilometrliyində hissəsi yeni borularla dəyişdirilərək istsmara verilib. Biləsuvar rayonu ərazisindəki Şorsulu Qazpaylayıcı Stansiyası yeni Avtomatik Qazpaylayıcı Stansiya quraşdırılmaqla yeni əraziyə köçürülüb.
Şimal istiqamətindəki regionların tələbatçılarının qazla fasiləsiz təmin edilməsi və Rusiya Federasiyasına dayanıqlı qaz nəqlini təmin etmək məqsədi ilə 1200 mm-lik "Altıağac-Ağsu" magistral qaz kəmərinin 21-ci kilometrliyində 26 metr uzunluğunda boru yenilənib, Şamaxı rayonu Mədrəsə kəndi ərazisində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar olaraq 399 metr uzunluğunda 500 mm-lik drenaj xətti çəkilib. 1220 mm-lik "Mozdok-Qazıməmməd" magistral qaz kəmərinin 305-ci kilometrliyində Əngilan çay keçidində qəzalı vəziyyətdə olan 150 metrlik hissə yenisi ilə əvəz olunub.
Ölkənin qərb reginonlarını, eləcə də Mingəçevir Elektrik Stansiyası və Gürcüstan Respublikasının dayanıqlı qaz təminatı üçün "Qazıməmməd-Qazax" 2-ci xətt magistral qaz kəmərinin 335,4-cü kilometrliyində 424 metr, "Qazax-Saquramo" magistral qaz kəmərinin 38,2-ci kilometrliyində 180,5 metrlik hissələri yeni borularla əvəz edilib.
Eyni zamanda, "Yevlax-Balakən" qaz kəmərinin 104-114 kilometrlərarası sahədə 9,2 km uzunluğunda 325-mm-lik qaz kəməri yeni borularla əvəz olunaraq istismara verilib, habelə Hacıqabul Kompressor Stansiyası - Qaradağ Kompressor Stansiyası arası yeni optik-lif kabel xətti çəkilib ki, bu da texnoloji rejimlərə nəzarət və idarələrarası birbaşa əlaqənin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.