Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir A.Axundov/
Türkiyənin "Petkim" neft-kimya kompleksi ilə dünyanın aparıcı liman orepatorlarından biri olan Niderlandın "APM Terminals" şirkəti cümə günü investisiya sazişi imzalayıblar. "APM Terminals" Danimarkanın iqtisadiyyatın müxtəlif sektorlarında əməliyyatlar aparan "A.P. Moller-Maersk Group"na daxildir.
Bu barədə cümə günü Trend-ə ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mətbuat xidmətindən məlumat verilib.
Kopenhagendə keçirilən imzalama mərasimində Türkiyənin və Danimarkanın baş nazirləri Rəcəb Tayyib Ərdoğan və Helle Torninq-Şmitt iştirak ediblər.
Sazişə uyğun olaraq, Niderland şirkəti uzun müddət "Petkim"in konteyner limanına xidmət edəcək. "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim"in idarə heyətinin üzvü Kənan Yavuzun sözlərinə görə, bu saziş limanda konteyner əməliyyatlarının başlanmasında birinci addımdır.
"1,5 milyon iyirmi futluq ekvivalentdə (TEU) ilkin yükburaxma qabiliyyətinə malik "Petkim" konteyner limanı onun dörd milyon TEU-dək genişləndirilməsi potensialına malik olacaq. Bununla da, liman Egey dənizi regionunda ən iri birləşdirilmiş liman olacaq", - Yavuz deyib.
Limanın tikintisinə 300 milyon dollar sərmayə qoyulacaq. "Petkim" neft-kimya holdinqinin 100 faizlik təsisçisi olduğu "Petlim Limancılık A.Ş." şirkəti liman istismara veriləndə, 2015-ci ildə sərmayə yatırımları prosesinin birinci mərhələsini başa vuracaq. Prosesin ikinci hissəsinni 2016-cı ildə tamamlanacağı planlaşdırılır.
"APM Terminals" 28 il müddətinə limanın idarə olunması hüququna malik olacaq.