...

Gürcüstanın Marneuli və Dmanisi rayonlarında yeni qaz kəmərlərinin açılışı olub

Energetika Materials 29 Avqust 2013 17:50 (UTC +04:00)
Gürcüstanın Marneuli və Dmanisi rayonlarında yeni qaz kəmərlərinin açılışı olub.
Gürcüstanın Marneuli və Dmanisi rayonlarında yeni qaz kəmərlərinin açılışı olub

Azərbaycan, Bakı, 29 avqust / Trend, müxbir M.Əliyev/

Gürcüstanın Marneuli və Dmanisi rayonlarında yeni qaz kəmərlərinin açılışı olub.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi saytında bildirilib ki, "SOCAR Georgia Gas" şirkəti Gürcüstanın Marneuli rayonunun Qaçağan və Dmanisi rayonunun Qəmərli qəsəbələrində yeni qaz kəmərlərinin çəkilişini başa çatdırıb.

Bu gün keçirilən açılış mərasimlərində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Süleyman Qasımov və Bədəl Bədəlov, Gürcüstanın energetika naziri Kaxa Kaladze, "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov iştirak ediblər.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev açılış mərasimindən əvvəl Dmanisidə Heydər Əliyev adına Tədris Mərkəzində olub, mərkəzə 28 yerlik "Hyundai County" avtobusu hədiyyə edib.
Marneuli rayonunun Qaçağan qəsəbəsində inşa olunmuş 41,4 kilometr uzunluğunda qaz kəməri 1100 potensial abonentin şəbəkəyə qoşulmasına imkan verəcək. Dmanisi rayonunun Qəmərli kəndinə çəkilmiş 12,6 kilometrlik qaz boru xətti isə 280 abonentin təbii qazla təmin olunmasına imkan yaradır.

Bu günədək azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində 647 kilometr uzunluğunda qaz şəbəkəsi istismara verilib, 20775 abonent qazla təmin olunub. Bu ilin sonuna qədər 180 kilometrlik qaz kəmərinin çəkilişi və daha 4928 abonentin şəbəkəyə qoşulması planlaşdırılır.

2009-2013-cü illərdə "SOCAR Georgia Gas" şirkəti Gürcüstan Respublikası ərazisində ümumi uzunluğu 3663 kilometr olan qaz boru kəmərləri sisteminin inşasını həyata keşirmiş və 184906 abonenti qazla təchiz etmişdir.

Qeyd edək ki, "SOCAR Energy Georgia" şirkətinin tərkib hissəsi olan "SOCAR Georgia Gas" 2007-ci ildə təsis olunmuşdur. Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi ilə imzalanmış müqaviləyə əsasən şirkət qonşu respublikanın müxtəlif regionlarında yeni qaz kəmərlərinin inşası və mövcud kəmərlərin təmiri ilə məşğul olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti