...

ARDNŞ qaz itkilərinin azaldılması üçün tədbirlər görür

Energetika Materials 30 Avqust 2013 18:47 (UTC +04:00)
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi texnoloji qaz itkilərinin azaldılması üçün bir sıra tədbirlər görür.
ARDNŞ qaz itkilərinin azaldılması üçün tədbirlər görür

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi texnoloji qaz itkilərinin azaldılması üçün bir sıra tədbirlər görür. Bu barədə İB-dən Trend-ə daxil olan məlumatda bildirilir.

Məlumatda bildirilir ki, "Azəriqaz" İB-nin qəbul-təhvil nöqtələrində yerləşən ölçü qovşaqları uzun müddət istismarda olduğu və normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi üçün yenidən qurulur. Qeyd edək ki, bu ölçü qovşaqları vasitəsi ilə rayon qaz istismarı sahələri, müəssisə və təşkilatlar qaz ilə təmin olunur. Ölçü qovşaqlarından keçən qazın sərfiyyatını müəyyən etmək üçün sərfölçmə cihazlarından və elektron tipli sayğaclardan istifadə olunur.

Həmçinin "Azəriqaz" İB-nin qəbul-təhvil nöqtələrində yerləşən hesablayıcıların fiziki və mənəvi cəhətdən köhnəlməsi və istismar müddətlərinin başa çatması ilə əlaqədar qısa müddət ərzində yeniləri ilə əvəz olunması nəzərdə tutulur. Eyni zamanda, təhvil-qəbul nöqtələrində on gündən bir aparılan kimyəvi təhlillər zamanı alınan və hesablayıcı avadanlıqların yaddaşına daxil edilən qazın fiziki-kimyəvi göstəriciləri arasında əmələ gələn fərqlərin aradan qaldırılması məqsədilə təhlil avadanlıqlarının quraşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Nəticədə təhvil və qəbul olunan təbii qazın kimyəvi parametrlərinin "on line" rejimində sərfölçmə cihazlarının yaddaşına daxil edilməsi imkanı yaradılıb.

Qeyd edək ki, "Azəriqaz" İB-nin qəbul-təhvil nöqtələrində müasir standartların tələblərinə cavab verən yeni ölçü qovşaqlarının, ölçü qovşaqları üzərində yeni sərfölçmə cihazlarının və qazın fiziki-kimyəvi göstəricilərini təyin edən təhlil avadanlıqlarının quraşdırılması son nəticədə qaz itkilərinin azaldılmasına gətirib çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti