Azərbaycan, Bakı, 4 oktyabr /Trend/
Bu gün Qaradağ rayonu ərazisində ARDNŞ-nin "Neftqaztikinti" trestinin Asfalt-beton istehsalı zavodunun açılış mərasimi olub.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, açılış mərasimində Trestin və ARDNŞ-nin bir sıra struktur təşkilatlarının rəhbər işçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan "Neftqaztikinti" trestinin müdiri Mirkazım Abasov yeni Asfalt-beton istehsalı zavodu haqqında məlumat verərək bildirib ki, İtaliyanın AMMANN şirkətinin istehsalı olan bu qurğunun istehsal qabiliyyəti 80 ton/saat təşkil edir.
Zavod ARDNŞ-nin günbəgün artan tələbatının ödənilməsi və Qaradağ rayonunda fəaliyyət göstərən müəssisələrin sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədi ilə inşa olunub. O, ARDNŞ rəhbərliyinin yeni texnika və texnologiyaların tətbiq edilməsini daim diqqət mərkəzində saxladığını söyləyib.
Daha sonra çıxış edən Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, "Azneft" İB-nin N.Nərimanov adına NQÇİ-nin rəisi Xaliq Şəfiyev və başqaları Trestin kollektivini yeni Asfalt-beton zavodunun açılışı münasibətilə təbrik ediblər. Zavod işə salınıb və ilk asfalt-beton qarışığı özüboşaldan yük maşınlarına doldurulub.
Qeyd edək ki, ARDNŞ-nin "Neftqaztikinti" trestinin Yol Tikinti Təmir İdarəsi (YTTİ) Zığda, "Neft Daşları"nda, Çilov adasında və Səngəçalda yerləşən 4 asfalt-beton qurğusu vasitəsilə hər növ yüksək keyfiyyətli asfalt-beton istehsalı, həmçinin Bakıda və Abşeron yarımadasında magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-betonla örtüklənməsi işlərini həyata keçirir. Bu qurğular vasitəsilə 2008-ci ildən bu günə qədər İdarə tərəfindən 400 min tona yaxın asfalt-beton istehsal olunaraq magistral yolların, küçə və meydançaların tikintisinə sərf olunub.
Yeni zavodun tikintisi Trestin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən 6 ay müddətinə başa çatdırılıb.