...

"Möcüzə"ni gözləyin: neftin bir bareli 150 dollar

Energetika Materials 15 Oktyabr 2014 15:23 (UTC +04:00)
Yaxın Şərqin qeyri-sabit ölkələrində xammal hasilatının qismən bərpa olunması, ABŞ-ın neft idxalını azaltması nəticəsində dünya bazarında neft tədarükünün həddindən artıq bolluğu ən qısamüddətli perspektivdə neftin ənənəvi yüksək qiymətlərinə ümid yeri qoymasa da, uzunmüddətli perspektivdə “iqtisadi möcüzə” ola bilər.
"Möcüzə"ni gözləyin: neftin bir bareli 150 dollar

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Trend-in inkişaf üzrə direktoru Vaqif Şərifov

Yaxın Şərqin qeyri-sabit ölkələrində xammal hasilatının qismən bərpa olunması, ABŞ-ın neft idxalını azaltması nəticəsində dünya bazarında neft tədarükünün həddindən artıq bolluğu ən qısamüddətli perspektivdə neftin ənənəvi yüksək qiymətlərinə ümid yeri qoymasa da, uzunmüddətli perspektivdə "iqtisadi möcüzə" ola bilər.

Neftin qiymətlərində indiki azalmanın sadə izahı verilir - neft lazım olduğundan çox tədarük olunur, həm də təbii səbəblərə görə məhz payızda. Digər tərəfdən, iri idxalçıların heç də hamısı sonuncu dünya böhranından sonra hələ özlərinə gələ bilməyiblər, yaxud onların iqtisadiyyatı durğundur. Bu, ilk növbədə, xammala tələbatı azaldıb.

Təxminən son 30 il ərzində "Brent" markalı neftin (FOB bazisində) bir barelinin minimum spot qiyməti 1998-ci ilin dekabrında 9,1 dollar olub. 10 ildən sonra (və bu günə kimi), 2008-ci ilin iyulunda qiymət özünün tarixən son həddinə - 143,95 dollar/barelə çatıb. Daha sonra qiymətlər müxtəlif zaman kəsiklərində özlərini tamamilə müxtəlif cür aparıblar: sonuncu dəfə 2011-ci ilin fevralında "Brent"in bir bareli 100 dollarlıq həddi keçib və ötən yayın sonuna kimi azalmayıb. Cari ilin əvvəlindən avqustun sonuna kimi "Brent"in bir bareli bir dəfə də olsun 101 dollardan aşağı düşməyib; 2014-cü ildə maksimum həddi 115 dollar/barel olub. Ucuzlaşmanın ilk əlamətləri özünü avqustun 18-də göstərdi - "Brent"in bir bareli 99,37 dollar təşkil etdi və sonra daha iki gün qiymətlər bu səviyyədə qaldı. Nəhayət, sentyabrın 5-də qiymət 99,51 dollara endi və indiyədək azalmaqda davam edir.

"Brent"in bir barelinin qiymətinin ardıcıl olaraq 100 dollarlıq həddi keçməsindən tam olmayan 3 il ərzində bir çox ölkələrin iqtisadiyyatları belə yüksək qiymətə və onun makroiqtisadi göstəricilərə təsirinə uyğunlaşdılar, özəl və dövlət gəlirləri, kəsirsiz büdcə nöqtəsi artdı. Əlbəttə, belə mənzərə fonunda indi azaldılması çox çətin olan özəl və dövlət xərcləri də artdı.

Hərçənd ki, oktyabrda "Bloomberg"in rəyini öyrəndiyi dünyanın bir sıra iri banklarının ekspertləri bu ilin dördüncü rübündə neftin bir barelinin qiymətlərinin 93-99 dollar təşkil edəcəyini güman edirlər. 2015-ci ilin analoji rübündə hətta bir barel neftin 70-80 dollar olacağına dair fikirlər var. Qərb və Yaxın Şərq ekspertləri müxtəlif KİV kanallarında baş verənlərə müxtəlif qiymət vermələrinə baxmayaraq, bir çox hallarda dövlət büdcəsinin xammal ixracından və onun qiymətindən asılı olduğu OPEK ölkələri də daxil olmaqla, bir sıra ölkələr vəziyyətdən narahat olmaya bilməzlər.

Liviya hökumətinin, Anqola Maliyyə Nazirliyinin, BVF-nin, "Deutsche Bank", "Reuters", "The Economist" və "The Wall Street Journal" jurnalının rəqəmləri göstərir ki, 2014-cü ilin büdcəsi Qətər üçün neftin bir barelinin 58-65 dollar, Küveyt üçün 59-75, BƏƏ - 70-90, Liviya - 90-111, Səuydiyyə Ərəbistanı - 92-93, Anqola - 94-98, İraq - 106-116, Venesuela - 117-121, Əlcəzair - 119-121, Ekvador - 117-122, Nigeriya - 119-124, İran (hamısından yuxarı) üçün isə 136-140 dollar olması ilə kəsirsiz olacaq.

Baş verənlər fonunda çərşənbə axşamı Beynəlxalq Energetika Agentliyi (IEA) 2014-cü ildə dünyada neftə tələbat üzrə proqnozunu birdən-birə sutkada 0,2 milyon barel - 92,4 milyona qədər azaltdı. Bununla yanaşı, ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsi (EIA) hadisələrin uzunmüddətli inkişafının çox maraqlı planını hazırlayıb. EIA mütəxəssisləri hələ sentyabrda "Brent"in qiymət artımının 3 ənənəvi ssenarisini təqdim ediblər:

Baza proqnozu (dollar/barel):

2020-ci il - 97;

2025-ci il - 109;

2030-cu il - 119;

2035-ci il - 130;

2040-cı il - 141.

Aşağı qiymətlərin proqnozu (dollar/barel)

2020-ci il - 69;

2025-ci il - 70;

2030-cu il - 72;

2035-ci il - 73;

2040-cı il - 75.

Yüksək qiymətlərin proqnozu (dollar/barel)

2020-ci il - 150;

2025-ci il - 159;

2030-cu il - 174;

2035-ci il - 188;

2040-cı il - 204.

Əlbəttə, proqnozların uzaqlığı onların dəqiqliyini bir çox hallarda azaldır. Əgər diqqəti beş il - 2020-2025-ci illər üzərində cəmləsək, onda yuxarıda təqdim edilmiş istənilən proqnozda neftin qiymətinin 12,5 faizdən çox artmadığını görə bilərik. Əgər bunu beş illə - 2009-2014-cü illərlə müqayisə etsək, bu zaman burada qiymətlər 1,7 dəfədən çox - 2009-cu ildə "Brent"in bir barelinin orta qiyməti 61,73 dollardan natamam 2014-cü ildə 106,26 dollara qədər artıb. Reallıq ondan ibarətdir ki, müxtəlif vaxtlarda iqtisadi qarşılıqlı fəaliyyətin dünya təcrübəsi yalnız EIA-in baza və aşağı ssenarilərində göstərilən qiymətlərdə olur. Hələ heç kim "yüksək" ssenarinin qiymətlərində yaşamayıb. Halbuki EIA hesab edir ki, hadisələr belə inkişaf edərsə, 2020-ci ildə neftə gündəlik tələbat 94,8 milyon barel təşkil edəcək və 2040-cı ildə gündə 122,1 milyon barelə qədər artacaq.

Burada olduqca maraqlı amil ondan ibarətdir ki, EIA-in hazırladığı "yüksək" ssenari zamanı 2020-ci ildə dünyada tələbat digər təşkilat - IEA tərəfindən gözlənilən 2014-cü ildə neftin gündəlik istehlak səviyyəsindən 2,5 faiz artacaq; lakin 2020-ci ildə EIA neftin bir barelinin qiymətini 150 dollar göstərir.

Beləliklə, altı ildən sonra dünya iqtisadiyyatı və əhalinin artımına düzəliş etməklə proqnozlaşdırılır ki, biz demək olar ki, indiki qədər sərf edəcəyik, amma buna görə artıq bir barelə görə 150 dollar ödəməli olacağıq.

Hadisələrin belə sərt yekunu ehtimalını xüsusilə ona görə istisna etmək olmaz ki, hazırda Yaxın Şərqdə kifayət etməyən geoloji kəşfiyyat, dərindən öyrənilmələr və yeni yataqların açılışına investisiyalar 2020-ci ildə dünya bazarında neft tədarükü qıtlığı yarada bilərlər. Faktiki olaraq Yaxın Şərqdə neft hasilatının hazırkı aktivliyi, neftə yeni sərmayələrin yatırılmasının çatışmazlığı, bu regionun bəzi ölkələrindəki qeyri-sabitlik 5-10 ildən sonra dünya bazarında neft təkliflərinin məhdudlaşmasına təsir edəcək ki, bu da neftin bir barelinin qiymətinin 150 dollara çatmasına səbəb ola bilər. Bu, ABŞ Dövlət Enerji İnformasiyaları İdarəsinin proqnozları ilə ("yüksək" ssenari) təsdiqlənir ki, Yaxın Şərqdə maye karbohidrogenlərin hasilatı 2011-ci ildəki 25,9 milyon barelə nisbətən 2020-ci ildə sutkada 22,6 barelədək azala bilər. Və burada qeyd etmək lazımdır ki, 2011-ci ildə "Brent"in bir barelinin orta qiyməti 111 dollar, minimum qiymət 93,52 dollar, maksimum isə 126,64 dollar təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti