Gürcüstan, Tbilisi, 6 noyabr /Trend, müxbir Nana Kirsxaliya/
Gürcüstan sabit və etibarlı tranzit ölkəsi olaraq qalacaq. Trend-in məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili CNN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstan Bakı-Tbilisi-Ceyhan neft kəməri üçün əsas tranzit ölkədir: "Bundan başqa, Gürcüstan ərazisi ilə "Cənub Qaz Dəhlizi" keçəcək. Bu dəhliz vasitəsilə 2019-cu ildə Avropaya qaz tədarükünə başlanılacaq".
İ.Qaribaşvili qeyd edib ki, Gürcüstan Xəzər dənizinin enerji resurslarını Avropa bazarları ilə birləşdirəcək ölkədir: "Bundan çıxış edərək, Gürcüstan sabit və etibarlı tranzit ölkəsi olaraq qalacaq".
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropaya karbohidrogenlərin tədarükü mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini artırmağa, Azərbaycana isə Avropanın qismində yeni bazar əldə etməyə imkan verəcək.
2013-cü il dekabrın 17-də "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı qəbul olundu. "Şahdəniz" yatağı vasitəsilə 10 milyard kubmetr qaz Avropa bazarına çıxarılacaq.