...

Ekspert: Cənub Qaz Dəhlizi yaxın perspektivdə Rusiyanın Aİ-yə qaz idxalındakı payına ciddi təsir etməyəcək

Energetika Materials 25 Noyabr 2014 16:37 (UTC +04:00)
Bu gün Estoniyanın Tartu şəhərində NATO Enerji Təhlükəsizliyi Mükəmməllik Mərkəzinin, Baltik Müdafiə Kollecinin (Baltic Defence College) və Tartu Universitetinin birgə təşkil etdiyi “21-ci əsrdə Rusiyanın xarici siyasət prioritetləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Ekspert: Cənub Qaz Dəhlizi yaxın perspektivdə Rusiyanın Aİ-yə qaz idxalındakı payına ciddi təsir etməyəcək

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Bu gün Estoniyanın Tartu şəhərində NATO Enerji Təhlükəsizliyi Mükəmməllik Mərkəzinin, Baltik Müdafiə Kollecinin (Baltic Defence College) və Tartu Universitetinin birgə təşkil etdiyi "21-ci əsrdə Rusiyanın xarici siyasət prioritetləri" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda Rusiya üzrə aparıcı tədqiqat mərkəzlərinin mütəxəssisləri və müstəqil ekspertlər iştirak edirlər.

Trend-in məlumatına görə, konfransın "Rusiyanın enerji siyasəti" panelində çıxış edən Bakı Dövlət Universitetinin müəllimi Bəxtiyar Aslanbəyli "Cənub Qaz Dəhlizi və Rusiya" mövzusunda məruzə edib. Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənən bu layihənin Azərbaycanın təbii qaz ehtiyatlarının Avropaya çatdırılmasındakı əhəmiyyətindən danışan B.Aslanbəyli Cənub Qaz Dəhlizini Xəzərin enerji resurslarının qərbə doğru ixracının ikinci mərhələsi adlandırıb. Bakı-Tbilisi-Ceyhan layihəsində olduğu kimi, hazırda da yeni layihənin reallaşması bir sıra mühüm geosiyasi proseslərin fonunda həyata keçirilir.

O, qeyd edib ki, Cənub Qaz Dəhlizi yaxın perspektivdə Rusiyanın Aİ-yə təbii qaz idxalındakı payına ciddi təsir göstərməyəcək: "Avropada təbii qaza və ümumiyyətlə enerji resurslarına artan tələbat hər iki mənbədən idxal ediləcək enerji resursları üçün kifayət qədər ehtiyac yaradır. Lakin nəzərə almaq lazımdır ki, Cənub Qaz Dəhlizi Aİ-nin enerji təminatının diversifikasiyasında yalnız növbəti mərhələdir. Nəzərdə tutulan infrastrukturun və boru kəmərlərinin 2018-ci ilin sonuna hazır olması, eləcə də 2019-cu ilin əvvəlinə "Şahdəniz" yatağından 10 milyard kubmetr təbii qazın Avropaya çatdırılması Aİ-nin enerji təminatının diversifikasiyasının ilkin mərhələsi kimi dəyərləndirilməlidir. Sonrakı mərhələdə potensial olaraq Azərbaycandakı digər yataqlardan, Türkmənistandan, hətta hadisələrin müsbət istiqamətdə inkişaf edəcəyi təqdirdə, İran və Şimali İraqdan yeni həcmlərin də Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması ehtimalı Avropanın enerji təminatı xəritəsində daha ciddi dəyişikliklər yarada bilər. Məhz bu mərhələdə Cənub Qaz Dəhlizi Rusiyanın Aİ-yə təbii qaz ixracının həcminə və bu sahədəki dominantlığına ciddi maneə yarada bilər".

Ekspertin fikrincə, Rusiya hər iki mərhələdə Aİ-yə yeni mənbələrdən təbii qaz həcmlərinin ixracı prosesinə müəyyən maneələr yarada bilər. Bu maneələr, geosiyasi müstəvidə hadisələrin inkişafından asılı olaraq, həm ilkin mərhələdə Cənub Qaz Dəhlizinin reallaşmasına müəyyən çətinlliklər yaratmaqla, həm də sonrakı mərhələlərdə Türkmənistanla Azərbaycanın enerji ixrac infrastrukturunu əlaqələndirəcək Transxəzər boru kəmərinin istənilən formatda reallaşmasına əngəl olmaqla və ya daha geniş miqyasda geosiyasi manevrlərdə ozünü büruzə verə bilər: "Qeyd olunan potensial çətinliklərə baxmayaraq, layihənin reallaşmasında həm siyasi, həm də maliyyə baxımından xüsusi rola malik Azərbaycanın və digər iştirakçıların səyləri nəticəsində Cənub Qaz Dəhlizi layihəsinin müvəffəqiyyətlə yekunlaşacağına əminəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti