...

Azərbaycan neftinin BTC ilə nəqli azalıb

Energetika Materials 7 Yanvar 2015 16:13 (UTC +04:00)
2014-cü ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 462 min 950 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan neftinin BTC ilə nəqli azalıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

2014-cü ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 462 min 950 ton Azərbaycan nefti nəql olunub.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 milyon 508 min 192 ton neft (2013-cü ildə 29,7 milyon ton) ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il yanvar ayının 1-ə qədər BTC-yə 263 milyon 649 min 785 ton neft vurulub.

Bundan başqa, ötən ilin dekabr ayında BTC kəməri ilə ümumilikdə 644 min 134 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

2014-cü ilin dekabr ayı ərzində 2 milyon 684 min 967 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 2 milyon 194 min 300 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 29 milyon 127 min 245 ton (2013-cü ildə 29,2 milyon ton) təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il yanvar ayının 1-ə qədər Ceyhan limanından 262 milyon 271 min 159 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti