Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycanda hava şəraiti yaxşılaşdığına görə apreldə əhali və digər istehlakçı qruplarına qazın verilməsi 27,7 faiz azalıb. Bunu Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən (İB) deyiblər.
Aprelin 21-nə olan məlumata görə, əhali və digər istehlakçı qruplarına verilən qazın sutkalıq həcmi 14,658 milyon kubmetr təşkil edib. Halbuki bu il martın sonunda bu göstərici 20,268 milyon kubmetr olub.
İB-nin məlumatına əsasən, Bakıda sutkalıq qaz istehlakının həcmi hazırda təqribən 9,204 milyon kubmetr, bölgələrdə isə 5,454 milyon kubmetrdir. Bununla belə, ötən ayın sonunda Bakı üzrə qaz istehlakının sutkalıq həcmi təqribən 12,24 milyon kubmetr, bölgələr üzrə isə 8,028 milyon kubmetr olub.
İB-dən deyiblər ki, yaz dövründə verilən qazın həcminin azalması normal haldır, çünki bu, hava şəraitinin yaxşılaşması səbəbindən əhalinin istehlak etdiyi qazın azalması ilə əlaqədardır.