Bakı. Trend:
Dünya ictimaiyyəti Azərbaycanda reallaşdırılan neft-qaz layihələrini çox diqqətlə izləyir.
Trend-in məlumatına görə, bunu Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin deyib.
Y.Sentyurin bildirib ki, bu layihələr Avropa bazarları üçün böyük maraq kəsb edir:
"Bu layihələrin həyata keçirilməsinə uzun illər sərf olunub. Bunun nəticəsi dünya ictimaiyyətinə "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin açılışının təqdim olunması idi. Tarixdə ilk dəfə olaraq Xəzər regionunun qazı birbaşa Türkiyə və Avropa istehlakçılarına çıxış əldə edir. Fikrimcə, avropalı istehlakçıların maraqlarını, Avropada qaz hasilatının azaldığını nəzərə alaraq, yeni enerji mənbələrinə ehtiyac var. Xəzər regionu və Azərbaycan belə imkan təqdim edir".
Qeyd edək ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib.