...

Azərbaycanın "yaşıl" enerji üzrə planları nəhəng potensialın reallaşdırılmasına aparan yoldur

Energetika Materials 25 İyul 2022 13:34 (UTC +04:00)
Azərbaycanın "yaşıl" enerji üzrə planları nəhəng potensialın reallaşdırılmasına aparan yoldur
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafının dəqiq planını əks etdirən "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Strategiyanın "yaşıl" enerji ilə bağlı məqamlarına diqqəti cəlb etmək məqsədəuyğundur, çünki gələcək məhz bu sahənin inkişafındadır.

Strategiya "yaşıl" enerji ilə bağlı kifayət qədər ambisiyalı planları nəzərdə tutur. Bu layihələrin həyata keçirilməsi həmin sahənin inkişafını tamamilə yeni səviyyəyə çıxaracaq. Belə ki, 2026-cı ilə qədər Azərbaycan (Naxçıvan Muxtar Respublikası) - Türkiyə - Avropa enerji qovşağının yaradılması planlaşdırılır. Layihə çərçivəsində həmçinin Çevirici (HVDC) yarımstansiya və 230 km uzunluğunda 400 kV-luq ikidövrəli xətt tikiləcək. Bu, elektrik enerjisinin Türkiyəyə birbaşa ixracına imkan verəcək.

Bundan başqa, bu müddət ərzində alternativ enerji infrastrukturu dövlət-özəl tərəfdaşlıq yolu ilə genişləndiriləcək. Bu enerji infrastrukturuna özəl sektorun cəlb edilməsinin təşviqi üçün tədbirlər görüləcək. Bərpa olunan enerji mənbələri üzrə fəaliyyət göstərən təsdiq edilmiş sayda elektrik stansiyalarının tikintisi və istismara verilməsi də təmin ediləcək. Beləliklə, ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılması nəzərdə tutulur.

Həmçinin, strategiyaya uyğun olaraq Azərbaycanda geotermal enerji və biokütlə enerjisindən istifadə üzrə pilot layihələr hazırlanacaq, bu sahədə pilot layihələr müəyyən ediləcək və illik müsbət dinamika təmin ediləcək. Bundan əlavə, dənizdə külək enerjisinin potensialının öyrənilməsi və ondan istifadə üçün hazırlıq tədbirlərinin həyata keçirilməsi planlaşdırılır. Bunun üçün müvafiq strukturlar təkliflər hazırlamalıdır. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində dənizdə külək enerjisinin potensialından istifadəyə dair hazırlıq işlərinin başa çatdırılması 2026-cı ilin sonuna planlaşdırılır.

Azərbaycanda həmçinin elektrik enerjisi sektorunda müstəqil tədarükçülərin yaradılması və fəaliyyəti təşviq olunacaq. Bu müddət ərzində elektrik enerjisi sistemində müstəqil tədarükçülərin yaradılması, onların fəaliyyətinin təmin edilməsi və enerji təchizatının yaxşılaşdırılması ilə bağlı təkliflərin həyata keçirilməsi nəzərdə tutulur.

Strategiyada qeyd olunur ki, Azərbaycanda aşağıkarbonlu inkişaf üzrə dövlət proqramı hazırlanacaq. Proqram 2022-2024-cü illərdə hazırlanacaq. Bundan başqa, 2024-cü ilə qədər Elektromobillik üzrə Milli Plan hazırlanacaq, ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobili, avtobus və s.) fəaliyyəti stimullaşdırılacaq, lazımi infrastruktur yaradılacaq.

Azərbaycanda 2022-2023-cü illərdə hidrogen istehsalı və istifadəsi sahəsində potensialın öyrənilməsi, bu sahədə pilot layihələr üzrə təkliflərin formalaşdırılması nəzərdə tutulur. Bundan başqa, enerji sektorunda karbon tutulması, utilizasiyası və saxlanması texnologiyalarının tətbiqinin araşdırılması və təkliflər verilməsi nəzərdə tutulur.

İqtisadçı ekspert Emin Qəriblinin Trend-ə bildirdiyi kimi, bütün bu məqsədlərin həyata keçirilməsi Azərbaycanı beynəlxalq enerji qovşağına çevirməyə və enerji resurslarının etibarlı tədarükçüsü kimi mövqeyini möhkəmləndirməyə imkan verəcək.

"Bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük potensialın olduğu Azərbaycanda "yaşıl" enerji istehsalı prinsipi ilə fəaliyyət göstərəcək bir neçə yeni elektrik stansiyası tikilir. Məlum olduğu kimi, bu yaxınlarda Aİ və Azərbaycan, o cümlədən Qara dəniz və Naxçıvan Muxtar Respublikası ərazisindən keçəcək elektrik xətlərinin inkişafını öyrənməyin zəruriliyni vurğuladılar. "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda Azərbaycan (Naxçıvan Muxtar Respublikası) - Türkiyə - Avropa enerji qovşağının yaradılması nəzərdə tutulur.Bu, həqiqətən də çox ambisiyalı bir plandır. Bu gün Azərbaycanın qaz yataqlarını işlətməsi və gələcəkdə bərpa olunan mənbələrdən elektrik enerjisi əldə etməsu bizə Avropada və dünyada qaz və "yaşıl" elektrik enerjisi ixracatçısı kimi əhəmiyyətimizi artırmağa imkan verəcək. Eyni zamanda biz Avropa enerji sisteminə inteqrasiya edə biləcəyik", - deyə E.Qəribli bildirib.

Ekspert bərpa olunan enerji sahəsində yeni texnologiyaların tətbiqinin zəruriliyini vurğulayıb. Bu, təkcə istehsal sahəsini deyil, həm də elm və təhsili inkişaf etdirməyə imkan verəcək və Azərbaycanın Avropa elmi sisteminə inteqrasiyasına şərait yaradacaq.

"Bu planlar Azərbaycanın yaxın gələcəkdə beynəlxalq qovşağa çevrilməsinə və dünya iqtisadiyyatına inteqrasiyasına imkan verəcək. Biz prioritetlərimizi bilirik və bütün dövlət strukturları bu istiqamətdə işini davam etdirəcək. Dövlət strategiyası bizə imkan verəcək ki, bu məqsədlərə daha səmərəli şəkildə nail ola bilək. Hesab edirəm ki, bu məqsədlərə nail olmaq üçün müvafiq üstünlüklər də təqdim olunacaq", - ekspert deyib.

Azərbaycan artıq özünü etibarlı neft və təbii qaz tədarükçüsü kimi təsdiqləyib və bu gün biz "yaşıl" enerjinin inkişafı yolundayıq və bu sahədə də öz sözümüzü demək niyyətindəyik. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olmasına baxmayaraq, biz karbon qazı emissiyalarının azaldılması üzrə qlobal tendensiyaları diqqətdən kənarda qoymuruq və Azərbaycanın parnik qazı emissiyalarını 2030-cu ilə qədər 1990-cı ilin baza səviyyəsi ilə müqayisədə 35 faiz azaltmaq öhdəliyi götürdüyü Paris Sazişindən irəli gələn öhdəliklərə uyğun hərəkət edirik. Təsadüfi deyil ki, Aİ və Azərbaycan arasında bu yaxınlarda imzalanmış anlaşma memorandumu 2027-ci ilə qədər qaz tədarükünü artırmaqla yanaşı, hidrogendən istifadə və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlıq planlarını da əks etdirir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti