Bakı. Trend:
Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Avropaya Azərbaycan qazının tədarükü üçün infrastrukturun inkişafına vəsait ayrılması xahişi ilə Avropa Komissiyasına müraciət edib.
Trend-in məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə mətbuat konfransı zamanı deyib.
"Söhbət infrastrukturun inkişafından, yeni interkonnektorların inşasından və artıq mövcud olanların gücünün artırılmasından gedir. Avropa İttifaqına Azərbaycan qazının tədarükünün həcmini artırmaq üçün Avropada interkonnektorların sayı artırılmalıdır", - o deyib.
P.Siyarto həmçinin, Macarıstanın Azərbaycanın 2027-ci ilədək Aİ-ə qaz tədarükünü ikiqat artırmaq planlarını təqdir etdiyini bildirib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.
Tvitter: @Lyaman_Zeyn