Bakı. Trend:
"Azəri-Çıraq-Günəşli" yataqları blokunda "Azəri Mərkəzi Şərqi" (ACE) platformasında neft hasilatının növbəti ilin birinci rübündə başlayacağı gözlənilir.
Trend-in məlumatına görə, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Cons bp-nin gələcək planlarına həsr edilmiş brifinqdə deyib.
"ACE platformasının inşası ilə əlaqədar olaraq məhz burada hasilatın artacağını gözləyirik. ACE platformasının inşası üzrə işlərin 85 faizi tamamlanıb və platforma dənizdə quraşdırılma mərhələsindədir. Həmçinin platformanın yuxarı modullarının inşası üzrə işlər bitmək üzrədir. Qeyd etmək istəyirəm ki, ACE-də ən müasir texnologiyadan istifadə olunacaq və platforma demək olar ki, tamamilə avtomatlaşdırılmış olacaq", - o deyib.
Q.Cons platfromanın inşasına 5,5 min nəfərin cəlb olunduğunu bildirib.
"Bu ilin ikinci rübündə yuxarı modulları dənizə göndərməyi planlaşdırırıq, ilk neft hasilatını isə növbəti ilin birinci rübündə başlatmağı nəzərdə tuturuq", - o əlavə edib.
Qeyd edək ki, 6 milyard dəyərindəki layihəyə yeni dəniz platforması və gündəlik hasilat gücü 100 min barelədək olan digər qurğuları daxildir. ACE platforması 2020-ci illərin sonlarınadək "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda gündəlik 400 min bareldən yuxarı səviyyədə neft hasilatını dəstəkləyəcək.
Layihə çərçivəsində dərinliyin təqribən 140 metr təşkil etdiyi dəniz sahəsində "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformaları arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması inşa ediləcək. Layihə həmçinin özündə yeni sualtı boru kəmərlərini əhatə edir. Platformada hasil olunan neft və qazın Səngəçal terminalına nəqli üçün bu xətlər mövcud AÇG "Faza2 " sualtı ötürmə boru kəmərlərinə qoşulacaq. Dirək bloku dənizin 137 metr dərinliyində inşa ediləcək.