Bakı. Trend:
Masdar şirkəti (BƏƏ) Azərbaycanda 2026-cı ilədək 1 qiqavat gücə malik quruda külək enerjisi layihəsini, 2033-cu ilədək 2 qiqavat gücə malik dənizdə külək enerjisi və yaşıl hidrogen layihəsini reallaşdırmağı, habelə 2037-ci ilədək sahildə günəş enerjisi, külək və dəniz küləyindən istifadənin daha da genişləndirilməsini planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə Masdar Azerbaijan-ın direktoru Murad Sadıqov "Yaşıl hidrogen - dekarbonizasiyaya gedən yol" seminarı zamanı "Hidrogen ekoloji cəhətdən təmiz enerjiyə keçid vasitəsi kimi" mövzusunda panel müzakirəsində deyib.
"2022-ci ildə Masdar şirkəti və Azərbaycan Respublikası Energetika Nazirliyi bərpa olunan enerji mənbələrində inkişaf və investisiyalar haqqında saziş imzalayıblar. Həmçinin, 2022-ci ildə tərəflər dəniz sahilində külək enerjisi üzrə bir sıra layihələri və yaşıl hidrogen istehsalını əhatə edən reallaşdırma haqqında saziş imzalayıblar.
Bundan başqa, Masdar SOCAR ilə dənizdə külək enerjisindən istifadə etməklə Xəzər dənizindəki neft-qaz obyektlərinin elektrifikasiya potensialının öyrənilməsinə dair saziş imzalayıb", - o deyib.