...

Neft hasilatını azaltmaq qərarı: OPEC+ daxilində yeni konfiqurasiya?

Energetika Materials 12 Aprel 2023 11:47 (UTC +04:00)
Neft hasilatını azaltmaq qərarı: OPEC+ daxilində yeni konfiqurasiya?
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Neft hasilatını azaltmaq qərarı səkkiz OPEC+ üzvü tərəfindən qəbul edilib ki, bunu da saziş çərçivəsində yeni konfiqurasiya hesab etmək olar.

Bu barədə Trend-ə çərşənbə günü Yeni Cənub Siyasət Mərkəzinin (PCNS, Rabat) və Fransa Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun (IRIS, Paris) böyük elmi işçisi Fransis Perren deyib.

"Neft istehsal və ixrac edən bir neçə ölkə mart ayında maliyyə böhranının neft qiymətlərinə mənfi təsiri ilə əlaqədar olaraq neft hasilatını daha da azaltmaq imkanını nəzərdən keçirməyə qərar verib. Müəyyən məqamda Brent markalı neftin qiymətləri təqribən bir barelə görə 70 dollaradək düşüb. Bu səviyyə bir sıra neft ölkəsi üçün olduqca aşağıdır və onlardan bəziləri ucuzlaşmanın daha aşağı səviyyəyədək davam edə biləcəyinə görə narahat olublar. Bu istehsalçıları bir barelə görə 80 dollardan aşağı və ya azca yuxarı qiymət qane edir. Səkkiz OPEC+ ölkəsi (Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Əlcəzair, Qabon, Qazaxıstan və Oman) aprelin 2-də may ayından etibarən bu ilin sonunadək hasilatı gündəlik 1,16 milyon barelə qədər azaldacaqlarını bəyan ediblər", - o deyib.

F.Perrenin sözlərinə görə, bunun OPEC+ qərarı olmadığını vurğulamaq lazımdır.

"OPEC+ 23 ölkənin 2016-cı ilin sonunda yaradılmış koalisiyasıdır. OPEC 13 ölkənin 1960-cı ildə yaradılmış təşkilatıdır. OPEC-in hər bir üzv ölkəsi OPEC+ koalisiyasının bir hissəsidir. Bu qərarı həmin 23 ölkə deyil, onlardan 8-i qəbul edib. Bu yeni konfiqurasiyadır. Bu qərarın neft qiymətlərinə təsiri sürətli və güclü olub. Aprelin 3-də Brent və West Texas Intermediate (WTI) markalı neftin bir barelinin qiymətl təqribən beş dollaradək artıb. Beləliklə, hazırda missiyanın yerinə yetirildiyini demək olar. Bununla belə, hələ ki, bu səkkiz ölkənin öz öhdəliklərini tam yerinə yetirib-yetirmədikləri aydın deyil, lakin heç bir şübhə yoxdur ki, bu qərar nəticəsində qlobal neft hasilatı azalacaq", - deyə ekspert aydınlıq gətirib.

O xatırladıb ki, bundan əvvəl fevral ayında Rusiya rəsmiləri mart ayında ölkələrində hasilatın gündəlik 500 min barelədək azalacağını bəyan ediblər.

"Buna qədər isə 2022-ci ilin oktyabrında OPEC+ 2022-ci ilin noyabrından 2023-cü ilin sonunadək hasilatını gündəlik 2 milyon barelədək azaltmaq qərarı qəbul edib. Bu azaltmalar Vaşinqtonda heç də müsbət qarşılanmır. Bayden administrasiyası OPEC+-un 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarından çox dilxor olmuşdu. 2 aprel 2023-cü il tarixli qərara gəlincə, ABŞ hökuməti bazarın qeyri-müəyyənliyini nəzərə aldıqda azaltmaların məqsədəuyğun olmadığını bildirib. Biz hələ ki, ABŞ-ın çox mülayim reaksiya verdiyini müşahidə edirik", - analitik deyib.

Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatlarına əsasən, 2023-cü ildə dünyada neftə tələbat gündəlik 2 milyon barelə, neft təklifi isə gündəlik 1,6 milyon barelə çatacaq. Bu proqnozlar həmin səkkiz OPEC+ ölkəsinin bu yaxındakı qərarından əvvəl dərc olunub.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti