Bakı. Trend:
SOCAR son zamanlar neft və qaz hasilatına investisiyaları artırıb.
Trend -in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində deyib.
Onun sözlərinə görə, bu gün SOCAR enerji keçidinə sərmayə qoyur.
"Biz ilk növbədə marşrutları şaxələndirmək, neft-qaz ehtiyatları və elektrik enerjisi ilə zəif təchiz olunmuş ölkələri təmin etmək barədə düşünürük. Biz bu qlobal böhranlara göz yuma bilmərik", - o deyib.
SOCAR prezidentinin sözlərinə görə, yaxın onilliklərdə neft və qaz hasilatını dayandırmaq olmaz
"Biz neft ehtiyatlarının ekoloji təmiz çıxarılması, təmiz enerji istehsalı ideyasını dəstəkləyirik. Enerji qiymətlərinin artmasına, tərəfdaşlarımızın qaz və neft anbarlarının boşalmasına göz yuma bilmərik", - o vurğulayıb.
Nəcəfin sözlərinə görə, SOCAR ötən il bp və MASDAR ilə bərpa olunan enerji mənbələri üzrə müqavilələr imzalayıb.
"Biz layihələri, yaşıl enerji istehsalını şaxələndirməyə, daşıma mənbələrimizi digərləri ilə birləşdirməyə hazırıq. Karbohidrogen hasilatı ilə bağlı fikirlərin fərqli olmasına baxmayaraq, hasilatın zəruri olduğuna və bunun yaşıl texnologiyalar əsasında həyata keçirilməli olduğuna inanırıq", - deyə o vurğulayıb.
R.Nəcəf əlavə edib ki, SOCAR enerji keçidi və dayanıqlı istehsal sahəsində bütün oyunçularla beynəlxalq əməkdaşlığa açıqdır.
"Bu, Aİ ölkələrinin və bütövlükdə regionun enerji təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir", - o əlavə edib.