...

IGB-nin 2023-2024-cü təbii qaz ili üzrə bron edilmiş imkanları məlum olub

Energetika Materials 15 Dekabr 2023 10:00 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB şirkəti kommersiya səviyyəsində illik və rüblük hərraclar keçirib və bu hərracların nəticəsində 2023-2024-cü təbii qaz ili üzrə bron edilmiş imkanları məlum olub.

Bu barədə Trend-ə özəl müsahibəsində ICGB-nin icraçı direktoru Teodora Georgiyeva deyib.

Onun sözlərinə görə, yeni yükgöndərənlərin sayında davamlı artım müşahidə olunur, üstəlik, kəmiyyətə görə Avropa şirkətləri üstünlük təşkil edir.

"İnterkonnektorun Yunanıstanda mövcud olan və planlaşdırılan maye təbii qaz terminalları, xüsusən Aleksandrupolisdə 2024-cü ildə işə salınması planlaşdırılan terminalla sinerjisini nəzərə alaraq gözləyirəm ki, yaxın bir neçə il ərzində bazarda IGB-yə maraq artacaq.

Boru kəmərinin texniki imkanlarının hazırkı illik 3 milyard kubmetrdən ildə 5 milyard kubmetrədək artırılması üzrə bazar tələbatını qiymətləndirmək üçün imkanların artırılması prosesini artıq başlatmışıq. Qeyri-məcburi mərhələnin göstəriciləri müsbətdir, belə ki, bazarda maraq ilkin gözləntilərimizdən yüksək oldu", - deyə Georgiyeva əlavə edib.

İcraçı direktor daha sonra hazırda ICGB-nin paralel olaraq qonşu operatorlarla prosesin növbəti mərhələləri və boru kəmərinin imkanlarının potensial genişləndirilməsi üzərində çalışdığını qeyd edib.

"İlk ilimiz həyəcanlı və sınaqlarla dolu keçdi, lakin artıq növbəti böyük addıma hazırlaşırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb. İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.

İnterkonnektorun buraxılış gücünün artırılaraq 5 milyard kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına mümkündür. Planlaşdırma mərhələsində boru kəmərinin texniki gücü təqribən ildə 5 milyard kubmetr olaraq hesablanıb və bu hədəfə nail olmaq yaxın gələcək üçün nəzərdə tutulur.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti