Bakı. Trend:
Yunanıstan Trans-Adriatik Boru Kəmərinin (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) imkanlarının artırılması üzrə səyləri dəstəkləyir.
Trend Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin ətraf mühit və energetika nazirinin müavini Aleksandra Sduku Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında çıxışında deyib.
"Yunanıstan TAP və IGB-nin genişləndirilməsini dəstəkləyir. Bu iki infrastruktur qaz mənbələrinin və Cənub-Şərqi Avropaya qaz ixracı marşrutlarının şaxələndirilməsi üçün həlledici əhəmiyyət kəsb edir", - A.Sduku deyib.
Nazir müavini Yunanıstanın mühüm qaz nəqli şəbəkələrini inkişaf etdirməklə regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə tərəfdar olduğunu vurğulayıb.
O həmçinin Cənub Qaz Dəhlizi ilə hidrogen tədarüklərinin zəruriliyini xatırladıb və layihənin uzunmüddətli dayanıqlılığı üçün dəhlizin əhəmiyyətini vurğulayıb. Sduku Yunanıstanın yeni hidrogen imkanlarını yaratmaqla yanaşı, mövcud infrastrukturla hidrogen və digər bərpa olunan qazların tədarükünə tərəfdar olduğunu əlavə edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.
Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.
İnterkonnektorun buraxılış gücünün artırılaraq 5 milyard kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına mümkündür.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)