Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin 11 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağı üzrə gəlirlərini açıqlayıb.
ARDNF-dən Trend-ə verilən məlumata görə, AÇG yatağından bu ilin əvvəlindən dekabr ayının 1-i tarixinə 5 milyard 725,2 milyon ABŞ dolları, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 416 milyon 174 min ABŞ dolları gəlir əldə olunub.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 115 milyon 409 min ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayında ARDNF-nin AÇG yatağından gəlirləri 9,9% və ya 628,4 milyon ABŞ dolları, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 58,4% və ya 684 milyon 134 min ABŞ dolları azalıb.
Eyni zamanda, Neft Fondunun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,4% və ya 208 milyon 987 min ABŞ dolları azalıb.