Bakı. Trend:
“Şahdəniz” yatağı Xəzər dənizi qazının regionun və Avropanın bazarlarına əsas tədarükçüsü qalmaqda davam edir.
Trend xəbər verir ki, bunu bp-nin “Şahdəniz” yatağı çərçivəsində ərazi inkişafı üzrə meneceri Aydan İbrahimova Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında bildirib.
“Yüksək hasilat səmərəliliyini təmin etmək üçün burada qabaqcıl qazma və sualtı hasilat texnologiyalarından istifadə olunur. Buna uzunluğu 500 metrə çatan boru kəmərləri və 26 quyunu əhatə edən mürəkkəb sualtı istehsalat sistemləri daxildir”,- deyə A.İbrahimova deyib.
Onun sözlərinə görə, Azərbaycanda yeraltı parametrlərdəki qeyri-müəyyənlikləri nəzərə alan və hasilatı yüksək dəqiqliklə proqnozlaşdırmağa imkan verən rezervuarların müasir modelləşdirmə üsulları tətbiq edilib.
“İlk mərhələ qazın regional bazarlara nəqlini təmin etdi və ehtiyatlar, habelə rezervuarların birləşmələri barədə məlumatların dəqiqləşdirilməsinə imkan verdi. İkinci mərhələ isə Cənub Qaz Dəhlizinin – ümumi uzunluğu 3 500 km olan üç boru kəmərindən ibarət infrastrukturun yaradılması sayəsində dönüş nöqtəsi oldu. Bu dəhliz yüksək etibarlılıqla Avropaya qaz tədarük edir”,- deyə A.İbrahimova qeyd edib.
O, hazırda “Şahdəniz”də illik təxminən 27 milyard kubmetr qazın hasil olunduğunu və bəzi quyular artıq bir trilyon kub fut hasilat həcminə çatdığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, yaxın illərdə yataq qaz hasilatının maksimum artırılmasına yönəlmiş yetkin işlənmə mərhələsinə keçəcək.
