Bakı. Trend:
Bu il neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 78,1 faizini və ya 12 milyard 835 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfert, 21,9 faizini və ya 3 milyard 600 milyon manatını vergi orqanlarının xətti ilə neft-qaz sektorundan daxilolmalar təşkil edir.
Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, vergi orqanlarının xətti ilə neft-qaz sektoru üzrə daxilolmaların 1 milyard 700 milyon manatı SOCAR üzrə büdcə ödənişlərinin, 300 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində mənfəət vergisinin və 1 milyard 600 milyon manatı “Şahdəniz” qaz-kondensat layihəsi üzrə mənfəət vergisinin payına düşəcək.
Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat və yaxud 0,7 faiz çoxdur. Dövlət büdcəsi gəlirləri ÜDM-in 28.8%-i həcmində olacaq.
2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 16 milyard 435 milyon manatı neft-qaz sektorunun, 22 milyard 174 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.
2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri (Dövlət Neft Fondundan transfert daxil olmaqla) 1 milyard 876 milyon manat və ya 10,2 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2 milyard 129 milyon manat və ya 10,6 faiz çox olacaq.
