...

Azərbaycanın Sənaye və Energetika Nazirliyi bəzi qazdoldurma stansiyalarının fəaliyyətini dayandırıb

Energetika Materials 11 Mart 2006 12:15 (UTC +04:00)

Son vaxtlar Azərbaycanın Sənaye və Energetika Nazirliyinə daxil olan məlumatlara əsasən, ölkənin bəzi qazdoldurma stansiyalarında maye qaz Nazirlər Kabinetinin 1 noyabr 2004-cü il tarixli qərarı ilə müəyyən edilmiş qiymətdən (1 litr - 15-17 qəpik) baha satılır.

Trend in xəbər verdiyi kimi, nazirliyin məlumatında deyilir ki, bu məlumatın doğruluğunu yoxlamaq üçün nazirliyin əmri ilə komissiya yaradılıb və bu komissiya Bakıda və respublikanın şimal regionlarında fəaliyyət göstərən 45 stansiyada yoxlamalar aparıb.

Sənəddə qeyd olunur ki, yoxlamalar zamanı məlum olub ki, bəzi QDS-da maye qazın 1 litri 20 qəpiyə satılıb ki, bu da verilmiş lisenziyanın şərt və tələblərinin ciddi pozulması deməkdir.

Azərbaycan prezidentinin "Bəzi fəaliyyət növlərinə xüsusi icazələrin (lisenziyaların) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2 sentyabr 2002-ci il tarixli fərmanına əsasən, nazirlik 5 QDS-nın (2-si Bakıda, digər 3-ü isə Dəvəçi, Quba və Xaçmaz rayonlarında) fəaliyyətinin 3 ay müddətinə dayandırılması barədə qərar çıxarıb. Bu barədə lisenziya sahiblərinə və müvafiq yerli dövlət vergi orqanlarına məlumat verilib.

Sənaye və energetika nazirliyi gələcəkdə də müntəzəm olaraq yoxlamalar aparacaq və qaydaları pozmuş müəssisə və şirkətlərə qarşı daha sərt tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti