Bakı-Tiflis-Ceyhan neft kəmərinin rəsmi açılış mərasimi ərəfəsində Adana əyalətində 22 km-lik yolun təmiri üzrə iri miqyaslı işlər görülür. Trend in "Kanal-7" telekanalına istinadən xəbər verdiyi kimi, Ceyhan-Yumurtalıq magistralının təmirinə başlanıb. Qeyd edək ki, nümayəndə heyəti bu yolla Ceyhan limanına gedəcək. Yolun 2005-ci ildə Ceyhan dəniz terminalınadək inşa edilmiş 6 km uzunluğunda hissəsi alaqlardan təmizlənir, cədvəllər və nişanlar dəyişdirilir.
Türkiyənin Nəqliyyat Nazirliyi nümayəndələrinin sözlərinə görə, Ceyhan-Yumurtalıq yolu hələlik beynəlxalq standartlara cavab vermir və bu, ayrılmış büdcə vəsaitlərinin çatışmamazlığı ilə əlaqədardır. Yumurtalıq qəsəbəsi administrasiyasının rəhbəri Həsən Kürklü bildirib ki, dəfələrlə dövlət instansiyalarına müraciət olunmasına baxmayaraq, vilayətdə yolların keyfiyyəti aşağıdır.
Qeyd edək ki, BTC neft kəmərinin açılış mərasimi 2006-cı il iyulun 13-də keçiriləcək.