2006-cı ilin yanvar-may aylarında Azneftkimyamash ASC 6,3 mln. manat dəyərində məhsul satışı həyata keçirib. ASC-dən Trend ə verilən məlumata görə, bu dövr ərzində məhsul ixracı 70% təşkil edib. Yerdə qalan məhsul daxili bazarda satılıb.
Azneftkimyamash ASC respublika prezidentinin 22 mart 2001-ci il tarixli qərarı ilə Azneftkimyamash DŞ-nin bazasında yaradılıb.
ASC-dən bildirilib ki, bu dövr ərzində yüksək göstərici aşağıdakı müəssisələrdə müşahidə olunub: Səttarxan adına maşınqayırma zavodunda 1 mln. manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da təxminən 500 min manatı Rusiya və Ukraynaya ixracın payına düşür. Sabunçu EİB 600 min manat dəyərində məhsul satıb. Bunun 500 min manatını Rusiya, Qazaxıstan və Ukraynaya ixrac təşkil edir. Bakı fəhləsi maşınqayırma zavodunda bu göstərici 1 mln. manata bərabər olub (bunun 700-800 min manatı Qazaxıstana ixracın payına düşür). Sərdarov adına zavod 500 min manat həcmində məhsul satıb. Rusiya və Özbəkistana ixrac 300 min manat təşkil edib. Kişli maşınqayırma zavodu tərəfindən 340 min manat dəyərində məhsul satışı həyata keçirilib. Rusiya və Qazaxıstana ixrac 230 min manata bərabər olub.
Bu dövr ərzində Azneftkimyamash ASC 7,6 mln. AZN dəyərində neft-mədən, geoloji-kəşfiyyat avadanlıqları, alətlər və ehtiyat hissələri istehsal edib. Proqnoz 100,1% yerinə yetirilib.
AMB-nin məlumatına görə, 24.06.06. tarixində dolların manata nisbətdə rəsmi məzənnəsi 0,8960 AZN təşkil edir.