...

TEPSCO/Fichtner alyansı "Azərenerji"nin məsləhətçisi oldu

Energetika Materials 9 Avqust 2006 12:52 (UTC +04:00)

Mingəçevirdə Azərbaycan İES-in yenidən qurulma layihəsi çərçivəsində məsləhətçi xidmətlərinin göstərilməsi üzrə tenderin qalibi TEPSCO və Fichtner şirkətlərinin Yaponiya-Almaniya alyansı oldu. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən xəbər veriblər.

Tenderin qalibi olmuş şirkətlər alyansı layihəni maliyyələşdirəcək Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təsdiqlənib.

Məsləhətçi layihə üzrə texniki təsnifat hazırlayacaq. İES-in yenidən qurulması üzrə podratçıların tender təklifləri bu təsnifata əsaslanacaq. Məsləhətçi həmçinin baş podratçının müəyyən olunması üzrə tender təşkil edəcək və keçirəcək.

Məsləhətçi seçimi üzrə tenderdə Almaniyanın DECON və Vattenfall və Yaponiya-Almaniya TEPSCO və Fichtner şirkətlərinin iki alyansı iştirak edib.

Bu stansiyanın yenidən qurulması üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müqavilə sazişinin yaxın vaxtlarda imzalanacağı gözlənilir.

Enerji bloklarının yenidən qurulması üzrə işlərin isə gələn ilin birinci rübündə başlanacağı planlaşdırılır. Bunun üçün tender keçirmək və baş podratçını müəyyən etmək lazımdır.

80-ci illərdə tikilmiş AzİES Azərbaycanda ən böyük elektrik stansiyasıdır. O, hər biri 300 MVt gücə malik 8 enerji blokundan ibarətdir, lakin avadanlıqlar köhnəldiyinə görə, stansiyanın istehsalat gücü aşağı düşüb. Bu il "Azərenerji" Rusiyanın "Güc maşınları" şirkəti ilə birgə beşinci enerji blokunu təkmilləşdirib, nəticədə onun istehsal gücü 330-340 MVt-a çatıb.

Elektrik stansiyasının yenidənqurulma layihəsinə yeddi enerji blokunun, suburaxıcı sistemin və tüstü borusunun təkmilləşdirilməsi daxildir. Əvvəllər də AYİB ilə danışıqlar aparılıb, lakin kreditin təqdim edilmə şərtləri Azərbaycanı qane etməyib. Lakin Avropa bankının prezidenti Jan Lemyerin Azərbaycana səfərindən sonra bank öz şərtlərini geri götürüb və kredit üzrə danışıqlar davam etdirilib.

Xəbər lenti

Xəbər lenti