Gələn il ARDNŞ şəxsi vəsaiti hesabına "Qarabağ" yatağının işlənməsinə başlamağı planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə AzTI telekanalına müsahibəsində ARDNŞ-in geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Bu yataqda platformanın qurulması və quyuların qazılmasına başlanılması nəzərdə tutulur.
"Əvvəllər burada xarici şirkətlər işləyirdi. Ancaq həmin dövrdə yataqların işlənməsi iqtisadi baxımdan sərfəli olmadığından, şirkətlər bu yataqlara maraq göstərmirdi", - deyə o qeyd edib.
Onun sözlərinə görə, neftin indiki qiymətində bu yataqlar ARDNŞ tərəfindən müstəqil surətdə işlənmək üçün kifayət qədər maraqlı ola bilər. Xarici şirkətlər belə yataqlara maraq göstərir. Ancaq ARDNŞ bu yataqları müstəqil surətdə işləmək niyyətindədir.
Hazırda "Dəniz-neft-qaz" layihə institutu layihə işləri həyata keçirir. Platformanın inşasına təxminən $100 mln sərmayə qoyularsa və qazma xərcləri də bu qədər təşkil edərsə, Azərbaycan bu yataqların işlənməsindən neftin qiymətindən asılı olaraq $1 mlrd əldə edə biləcək.