...

Azərbaycan hökuməti AYİB və "Azərenerji" SC arasındakı kredit sazişini nəzərdən keçirir

Energetika Materials 19 Oktyabr 2006 14:56 (UTC +04:00)

AYİB ilə Azərbaycan İES-in rekonstruksiyası üçün cəlb olunacaq kredit sazişi Nazirlər Kabinetindədir. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin prezidenti Etibar Pirverdiyev məlumat verib. Adıçəkilən saziş artıq respublikanın nazirlikləri və idarələrində razılaşdırılıb.

Enerji bloklarının rekonstruksiyası üzrə işlər 2007-ci ilin 1-ci kvartalına planlaşdırılıb. Bu vaxta qədər tender keçirilməli və baş podratçı müəyyən olunmalıdır.

Bir qədər əvvəl bank tərəfindən həmin layihə üzrə məsləhətçi qismində çıxış edəcək şirkət müəyyən olunaraq təsdiqlənib. Mingəçevirdəki Azərbaycan İES-in rekonstruksiyası layihəsi çərçivəsində məsləhətçi xidməti üzrə tenderin qalibi "TEPSCO" və "Fichtner" Yaponiya-Almaniya şirkətlər alyansıdır.

Məsləhətçi layihə üzrə texniki spesifikasiyasını hazırlayacaq. Onun əsasında isə podratçıların İES rekonstruksiyası üzrə tender təklifləri hazırlanacaq, eləcə də baş podratçını müəyyən etmək üçün tender keçiriləcək.

80-ci illərdə inşa edilmiş AzİES Azərbaycanda ən iri elektrik stansiyasıdır. Stansiya hər birinin gücü 300 MVt olan 8 enerji blokundan ibarətdir. Amma avadanlıqlar köhnəldiyindən stansiyanın istehsal gücü azalıb. Bu il "Azərenerji" Rusiyanın "Silovıye maşinı" şirkəti ilə birgə 5-ci enerji blokunu rekonstruksiya edib. Nəticədə blokda istehsal gücü 330-340 MVt olub.

Elektrik stansiyasının rekonstruksiyası layihəsi 7 enerji blokunun, suburaxıcı sistemin və tüstü borusunun modernləşdirilməsini nəzərdə tutur.

Bir qədər əvvəl AYİB ilə danışıqlar aparılıb, amma Azərbaycan tərəfini kredit şərtləri qane etməyib. Lakin Avropa bankının prezidenti Jan Lemyerin Azərbaycana səfərindən sonra bank şərtləri geri götürüb və kredit üzrə danışıqlar davam etdirilib.

Xəbər lenti

Xəbər lenti