Azərbaycan, Bakı / Trend / Koreyanın "Korea Electric Power Corp." (KEPCO) dövlət şirkəti çərşənbə axşamı Azərbaycanla əməkdaşlığa dair sazişin imzalanması barədə bəyanat yayıb. "Reuters" agentliyinin yaydığı məlumata görə, bu müqavilə çərçivəsində Bakıda qaz-buxar qurğusunun inşası ilə bağlı layihənin reallaşması mümkün olacaq.
Qarşılıqlı anlaşma memorandumu KEPCO-nun enerji güclərinin inşasında Azərbaycana yardımını nəzərdə tutur.
"İmzalanan sənəd KEPCO-nun qaz-buxar qurğusunun inşasına dair kontraktı udmaq şanslarını artırır" - KEPCO-nun yaydığı məlumatda vurğulanıb.
Güman olunur ki, sözügedən qurğu 700-1000 MVt-lıq istehsal gücünə malik olacaq.
Memorandum Seulda keçirilən Cənubi Koreya-Azərbaycan biznes-forumu zamanı imzalanıb.