Azərbaycan, Bakı / Trend / "Azneft" İB-in baş direktoru Səbuhi Əhmədovun verdiyi məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin neft-qaz hasilatı üzrə istehsalat birliyi olan "Azneft" ilin birinci yarısında doqquz yeni qaz quyusu qazıb. Yeddi quyu istismara verilib və iki quyu mənimsənilməkdədir. Bütün quyular ARDNŞ tərəfindən sərbəst şəkildə istismar olunan "Günəşli" yatağının dayaz sulu hissələrində qazılıb. Quyular sutkalıq 4 mln. 755 min kubmetr qaz və 266 ton kondensant debitinə malikdir.
Bu quyulardan başqa "Günəşli" yatağında qaz təbəqələrində doqquz quyu geri qaytarılıb. Bu quyulardan sutka ərzində 2 mln. 135 min kub metr qaz, 121 ton kondensant hasil edilir.
ARDNŞ tərəfindən qazın hasilatının artırılması ilə bağlı proqram çərçivəsində "Günəşli" yatağında 20 yeni quyunun qazılması planlaşdırılır. Onların ümumi sutkalıq debiti 5-6 mln. kubmetr təşkil edir.