Bakı. Trend:
Masallıda 3 il əvvəl törədilən quldurluğun üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə bildirilib ki, 2020-ci ilin may ayının 26-da gecə saatlarında tamah niyyəti və özgə əmlakını ələ keçirmək məqsədilə Masallı rayonunun Qəriblər kəndindəki yaşayış evlərindən birinə daxil olan naməlum şəxslər ev sahibinə dəmir linglə müxtəlif bədən xəsarətləri yetirərək oradan uzaqlaşıblar.
Faktla bağlı elə həmin vaxt Azərbaycan Respublikası Cinayət Məsəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Quldurluq əməlinin törədilməsi ilə əlaqədar daxil olan əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Ağali Ağayev tutulub, şəxsiyyəti müəyyən edilmiş digər bir nəfərin saxlanılması istiqamətində isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.