Bakı. Trend:
Gələn ildən Azərbaycanda uçot dərəcəsinin depozit faizlərinə təsir edəcəyi gözlənilir.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin dəyişikliyinə həsr olunmuş mətbuat konfransında deyib.
"Hazırda bazarda likvidlik kifayət qədərdir. Yüksək likvidlik şəraitində Mərkəzi Bankın faiz dərəcələri çalışmır. Pulların həcmini elə səviyyədə saxlamalıyıq ki, dəyəri Mərkəzi Bank tərəfindən planlaşdırılan dəhliz çərçivəsində olsun", - o deyib.
Onun sözlərinə görə, bazarda likvidliyin idarə olunması üçün monetar və fiskal siyasətin güclü koordinasiyası lazımdır.
"Bu vacibdir və biz bunun üzərində səylə çalışırıq. Maliyyə Nazirliyi ilə koordinasiyamız yaxşıdır. Fikrimcə, uçot dərəcəsi artıq gələn ildən depozit seqmentinə təsir göstərməyə başlayacaq", - o deyib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8%-dən 7,75%-ə endirilməsi barədə qərar qəbul edib.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,5%-dən 6,25%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 9%-dən 8,75%-ə endirilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)