...

Avropa Komissiyası COP29 tədbirini uğurla keçirmək üçün COP29 komandası ilə sıx əməkdaşlıq edəcək - Avropa Komissarı (ÖZƏL MÜSAHİBƏ)

Yaşıl iqtisadiyyat Materials 22 Fevral 2024 09:36 (UTC +04:00)
Avropa Komissiyası COP29 tədbirini uğurla keçirmək üçün COP29 komandası ilə sıx əməkdaşlıq edəcək - Avropa Komissarı (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası COP29 tədbirini uğurla keçirmək üçün COP29 komandası ilə sıx əməkdaşlıq edəcək.

Bu barədə Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simson martın 1-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısı ilə bağlı Trend-ə özəl müsahibəsində deyib.

"Azərbaycanın COP28 konfransında 2030-cu ilədək bərpa olunan enerji imkanlarını üçqat, enerji effektivliyi üzrə tədbirləri isə ikiqat artırmaqla bağlı qlobal öhdəliyə qoşulmasını müsbət qarşılayırıq. Bu, enerji tərəfdaşlığımızda mühüm mərhələ oldu. Bu öhdəliyin icrası və COP29-un uğurla keçirilməsinin təmin olunması üçün COP29 komandası ilə sıx əməkdaşlıq edəcəyik. "Yaşıl enerji" üzrə ikinci Məşvərət Şurasında əsas diqqət Azərbaycanda dənizdə külək və günəş enerjisi üzrə böyük imkanların, eləcə də, regional səviyyədə fiziki qarşılıqlı əlaqələrin və bazar inteqrasiyasının inkişafına yönələcək", - deyə Avropa Komissarı vurğulayıb.

Simson əlavə edib ki, Bakıda keçiriləcək görüşlər Avropa rəsmilərinə və şirkətlərinə dənizdə külək və günəş enerjisinin inkişafı üzrə tərəfdaşlarla qarşılıqlı fəaliyyəti davam etdirmək imkanı verəcək və Avropa biznesinin investisiyalarının Azərbaycan bazarına yönəlməsinə səbəb olacaq.

"Bu kontekstdə Azərbaycan hakimiyyətini mümkün qədər tez bir zamanda bərpa olunan enerji layihələri üçün açıq və şəffaf hərraclar rejiminin icrasına başlamağa çağırırıq", - deyə o əlavə edib.

Simson bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısı Avropanı qaz tədarüklərinin mühüm diversifikasiya yolu ilə təmin edən qaz kəmərinin imkanlarının genişləndirillməsini müzakirə etmək imkanı verir.

"Həmçinin, Aİ-yə qonşu ölkələrdə kömürdən mərhələli imtina və diversifikasiya üzrə səylərin dəstəklənməsində Cənub Qaz Dəhlizinin rolunu müzakirə edəcəyik. Bu müzakirə regional və qlobal enerji təhlükəsizliyi problemlərinin həlli üçün mühüm əhəmiyyət kəsb edir", - deyə o vurğulayıb.

Simsonun sözlərinə görə, Cənub Qaz Dəhlizi Məşvərət Şurası ilə yanaşı, 2023-cü ildə uğurla keçirilən "yaşıl enerji" üzrə ikinci Məşvərət Şurası da çağırılacaq.

"Şura Aİ-Azərbaycan enerji tərəfdaşlığının mühüm sütunları olan bərpa olunan enerji istehsalı, enerji effektivliyi və bərpa olunan enerjinin təşviqinə həsr ediləcək. Aİ-nin külək enerjisi sektorunun nümayəndələri praktik razılaşmalara keçid etməzdən əvvəl "yaşıl enerji" üzrə Məşvərət Şurası çərçivəsində Azərbaycan tərəfi ilə ölkədə külək enerjisinə investisiya imkanlarını müzakirə etmək üçün mənimlə Bakıya gedəcəklər. Bütünlükdə "yaşıl enerji" üzrə ikinci Məşvərət Şurası, həmçinin, qarşıdakı COP29 konfransını müzakirə etmək üçün əla imkan olacaq", - deyə o əlavə edib.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi

Kadri Simson Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Cənub Qaz Dəhlizinin midstrim infrastrukturunun modernizasiyasında öz rolunu oynaya biləcəyini bildirib.

O, Azərbaycanın Aİ-nin iqtisadiyyatın Rusiya yanacağından diversifikasiyası üzrə səylərinin dəstəklənməsində mühüm rol oynadığını qeyd edib.

"Aİ bazarına Azərbaycanın təbii qazının tədarükü 2021-ci ildəki 8,1 milyard kubmetrlə müqayisədə, 2023-cü ildə 11,8 milyard kubmetrə çatıb və biz 2027-ci ilədək bu həcmi 20 milyard kubmetrədək artırmaqda tam qərarlıyıq", - deyə Aİ komissarı vurğulayıb.

Simson Məşvərət Şurasının toplantısının Cənub Qaz Dəhlizinin infrastrukturunun lazımi modernizasiyasını müzakirə etməyə imkan verəcəyini qeyd edib.

"Dekarbonizasiya üzrə öhdəliklər kontekstində metan sızması probleminin həlli üzrə Paris sazişinin məqsəd və planlarına uyğun olaraq, AYİB masada dəqiq layihənin olacağı midstrim modernizasiyasında öz rolunu oynaya bilər", - deyə o əlavə edib.

Qaz tədarükləri üzrə yeni sazişlər

Simson Avropa Komissiyasının Azərbaycanla enerji daşıyıcıları ticarətinə imkan yaratmağa çalışdığını, lakin bu cür sazişlərin tərəfi olmadığını qeyd edib.

"Qaz tədarükü üzrə sazişlərin imzalanması şirkətlərin işidir. Biz öz tərəfimizdən azərbaycanlı həmkarlarımızla əməkdaşlığın inkişafı və energetika sahəsində stabil münasibətlər üçün əlverişli işgüzar mühitin təmin edilməsi üçün qarşılıqlı fəaliyyət göstərməyə davam edirik. Həmçinin, Aİ şirkətlərini Azərbaycanla qaz tədarükü üzrə sazişlərdə iştiraka təşviq edirik. Lakin yekun qərar operatorlara aiddir", - deyə Simson əlavə edib.

"Yaşıl" Azərbaycan-Aİ dəhlizi

"Gürcüstan və Rumıniya arasında Qara dənizin dibi ilə ikitərəfli xəttin çəkilməsi təşəbbüsünü böyük maraqla izləyirik. Texniki-iqtisadi əsaslandırmanın hazırlığı davam edir. Bu layihə artıq Avropanın elektrik enerjisi ötürmə sisteminin operatorlar şəbəkəsinin inkişafı üzrə onillik plana daxildir. Layihə, həmçinin, Ai-nin "Qlobal qapı" strategiyasına flaqman layihə kimi daxil edilib", - o deyib.

Simson bunun sahə üzrə ilk mühüm layihə olduğunu və "yaşıl enerji" tədarükünün, o cümlədən, bərpa olunan enerji mənbələrindən mümkün hidrogen ticarəti imkanı üzrə daha geniş dəhlizin nəzərdə tutulduğunu qeyd edib.

"Getdikcə daha çox ölkənin bu təşəbbüsə qoşulmaqda maraqlı olduğunu bildirməsi faktını müsbət qarşılayır və onları "yaşıl enerji" dəhlizinn yaradılmasının iqtisadi əsasını yaxşılaşdırmağa və bununla təşəbbüsdən qarşılıqlı faydanı artırmağa çağırırıq", - deyə Avropa komissarı əlavə edib.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti