...

Azərbaycanda poçt operatorunun maliyyə xidmətlərinin göstərilməsi üzrə lisenziyalaşdırılması qaydaları hazırlanır

Telekommunikasiya Materials 27 Yanvar 2009 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar/ Trend , müxbir S.Babayeva/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt Dövlət Müəssisəsi Milli Bankla birgə milli poçt operatorunun maliyyə xidmətlərinin göstərilməsi üzrə lisenziyalaşdırılması qaydalarını hazırlayır, - Rabitə Nazirliyindən çərşənbə axşamı bildiriblər.

"Bu, Milli Bankın poçt operatoruna bank xidmətlərinin göstərilməsi üçün lisenziyanın verilməsi üzrə ilk təcrübəsidir və buna görə də, spesifik qaydalar yoxdur. Hazırda qaydaların hazırlanması üzərində iş aparılır", - Idarədən bildiriblər.

"Poçt rabitəsi haqqında" Qanuna 2008-ci ilin noyabrında təsdiqlənmiş əlavə və dəyişikliklərə əsasən, "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində, Azərpoçtun funksiyaları maliyyə xidmətlərinə də genişləndirilib. Xidmətlərin sırasında poçt hesablarının açılması və aparılması, pul köçürmələri, maliyyə idarələrində, o cümlədən Azərbaycan Milli Bankında müxbir hesablarının açılması, poçt əmanətlərinin qəbul edilməsi, ödəmə vasitələrinin, eləcə də debet və kredit kartlarının, poçt çeklərinin buraxılması, xarici valyutanın alınması, nəqd pullar və digər dəyərli əşyaların inkassasiyası var.

Rabitə Nazirliyində 2009-cu ilin birinci rübündə Milli Bankdan poçt operatoru üçün lisenziya alınmasını gözləyirlər. Bu, dövlət operatorunun bütün poçt şöbələrini əhatə edəcək vahid lisenziya olacaq.

İdarədə hesab edirlər ki, Azərpoçt, Dünya Bankı ilə birgə həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi başa çatdıqdan sonra,  rentabellə işləyən təşkilat ola bilər. Layihənin əsas komponenti də maliyyə xidmətlərinin tətbiqidir.

Azərpoçt DM - in strukturuna 59 poçtamt, iki poçt müəssisəsi, iki törəmə müəssisə və səkkiz rabitə qovşağı daxildir.

DM-in strukturunda ölkənin bütün yaşayış məntəqələrini əhatə edən 1,3 mindən  çox poçt şöbəsi fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti