Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir H.Vəliyev /
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu kosmik texnologiyalar vasitəsilə Xəzər dənizinin tədqiqi üzrə dördüncü Dövlət proqramını hazırlayır. Bunu Trend -a AMEA-nın Geologiya İnstitutunun direktor müavini İbrahim Quliyev deyib.
Quliyevin sözlərinə görə, yeni proqram çərçivəsində Geologiya İnstitutu ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Müdafiə Sənayesi Nazirliyinin Kosmik Araşdırmalar İnstutu ilə əməkdaşlıq etmək niyyətindədir.
Hazırda gəmilərin köməyi ilə ARDNŞ Xəzər dənizinə tökülən suların monitorinqini aparır. Müasir üsullar onların peyklər vasitəsilə təsbit edilməsini nəzərdə tutur.
Quliyevin qeyd etdiyi kimi, yeni proramın hazırlanması üzərində iş sentyabrda yekunlaşacaq. Bundan sonra proqram hökumətin müzakirəsinə veriləcək.
Hazırda üç proqram çərçivəsində alimlər Xəzərin karbohidrogen resurslarının modellərinin yaradılması, geoloji-irsi faktorların və resursların onların gələcək nəslə ötürülməsi üçün mühafizəsi və qorunması, eləcə də Azərbaycanın mədən və qeyri-mədən yataqlarının kəşf və istifadə imkanları üzrə praktik iş aparırlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]