Azərbaycan, Bakı, 25 fevral / Trend /
"Azercell Telekom" MMC-nin prezidenti əli Ağan Azərbaycan Respublikası Gənclər Mərkəzi tərəfindən "Gənclərin dostu" adına layiq görülüb.
Mərasimində çıxış edən Azercell şirkətinin Korporativ ünsiyyət və sosial məsuliyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə şirkət prezidentinin bu ada layiq görülməsinə görə Gənclər Mərkəzinə təşəkkürünü bildirib. Həsənzadə bildirib ki, "Azercell"daim uşaq və gənclərin problemlərinə yardım göstərilməsinə yönələn layihələri dəstəkləyib. Bunların sırasında Heydər Əliyev Fondu və UNİCEF ilə birlikdə keçirilən "Hər Uşağın Ailəyə Ehtiyacı Var" kampaniyası çərçivəsində Milli Konfransı, Mobil Diş Klinikasının açılmasını, British Council-la birlikdə orta peşə məktəblərinin şagirdləri arasında keçirilən Skills@Work müsabiqəsini qeyd edib. Həmçinin "Azercell"in gənclərə yönələn GəncSim tarif paketi, MaksimumGənc proqramı, qəbul imtahanlarının nəticələrini gözləyənlər üçün İmtahanCell kimi xidmətləri qeyd olunub.
Bundan əlavə, şirkət nümayəndəsi bildirib ki, şirkət cari ildə uşaqların rifahına və onların hərtərəfli inkişafına yönələn daha vacib bir layihəyə start verilib. "Uşaq Hüquqları Üzrə QHT Alyansı", Təhsil Nazirliyi, UNICEF ilə birgə yaradılan uşaq "qaynar xətti" hər hansı problemi olan uşaqların müraciəti üçün açıqdır. "Qaynar xətt"də çalışan gənc, peşəkar mütəxəssislər çətinliyə düşən və stress vəziyyətində olan uşaqları açıq söhbətə dəvət edərək onların problemini ətraflı öyrənəcək, müxtəlif vasitələrlə kömək etməyə çalışacaqlar", - o deyib.
Çıxışının sonunda "Azercell" nümayəndəsi qeyd edib ki, təmsil etdiyi qurum bundan sonra da Azərbaycan xalqının çiçəklənməsi naminə həm dövlət, həm qeyri-hökumət təşkilatları, həm də beynəlxalq təşkilatlar və KİV ilə sıx əməkdaşlıq edəcək.
"Gənclərin dostu" mükafatı "Azercell Telekom" MMC-nin prezidenti Əli Ağana Azərbaycan iqtisadiyyatının inkişafında, gənclərin sosial problemlərinin həllində, ictimai və sosial layihələrin həyata keçirilməsində göstərdiyi diqqət və qayğıya görə verilib. Mükafat 2007-ci ildə Azərbaycan Respublikası Gənclər Mərkəzi tərəfindən təsis olunub. Təşkilat komitəsinin qərarına və keçirilən sorğuların nəticələrinə əsasən mükafat hər il müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərə əhalinin sosial rifah halının yaxşılaşdırılması, xeyriyyəçilik, ictimai-siyasi xidmətlər üzrə müəyyən olunmuş nominasiyalar üzrə verilir.