Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir H.Vəliyev/
Samsung şirkəti Azərbaycan bazarına üçölçülü (3D) təsviri dəstəkləyən HD televizorlar çıxaracaq. Bu barədə Samsung Electronics şirkətinin Azərbaycan nümayəndəliyinin marketinq üzrə meneceri Oqtay Məmmədov Trend-ə bildirib.
Onun sözlərinə görə, 3D formatını dəstəkləyən qurğu aprelin sonunda satışa çıxarılacaq. İlkin olaraq şirkət 40 və 46 düymlü 7000 seriyasının iki modelini pərakəndə satışa çıxaracaq.
Yeni televizorlar ekranın yenilənmə tezliyini 200 Hz-a kimi artıran Motion Plus texnologiyası və real vaxt çərçivəsində standart ikiölçülü təsviri 3D-yə konversiya edə bilən 3D HyperReal Engine prosessoru ilə təchiz olunub.
Televizorlarda yerləşdirilən videokameralar hər hansı bir televiziya verilişi və ya filmi xarici yaddaş qurğusuna yazmağa, eyni zamanda, USB daşıyıcılarındakı faylları açmağa imkan verir.
7000 seriyası həmçinin Skype proqramını dəstəkləyir. Bunun istifadəsi üçün əlavə olaraq mikrofona malik FreeTalk videokameranın alınması vacibdir.
Televizorlarla yanaşı, satışa 3D eynəkləri də çıxarılacaq.