Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir H.Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər Üzrə İdarəsi (DRİ) radiotezliklərin verilməsi üzrə normativlərin hazırlanmasına dair işləri başa çatdırır. Bu barədə nazirliyin məlumatında bildirilir.
Məlumata görə, radiotezlik resurslarının bölünməsi beynəlxalq standartlara uyğun olaraq həyata keçiriləcək, qurğuların texniki parametrləri və spesifikasiyası nəzərə alınacaq.
Dövlət Radiotezliklər İdarəsinin (DRİ) radiomonitorinq şöbəsinin əməkdaşları müntəzəm olaraq efir yayımından və digər telekommunikasiya avadanlığından istifadə zamanı yaranan elektromaqnit dalğalarının təsir səviyyəsinin azaldılması üzrə optimallaşdırma işləri aparır.
İnsanın yüksək elektromaqnit sahəsindən qorunması və yüksəktezlikli qurğuların ətrafında əlverişli ekoloji durumun təminatı kimi məsələlərin keyfiyyətli həllinə imkan verən ekoloji təhlükəsizliyin əsasını elektromaqnit dalğalarının ekranlaşdırılması təşkil edir.
DRİ rəisi Əflatun Məmmədovun bundan əvvəl verdiyi məlumata görə, elektromaqnit dalğaları müsbət keyfiyyətlərlə yanaşı, mənfi keyfiyyətlərə də malikdir və insanın sağlamlığına təsirsiz ötüşmür. Bununla əlaqədar Radiotezliklər İdarəsinin mütəxəssisləri filtrasiya, təkrar yönəltmə, ekranlaşdırma və digər yeni metodlarla elektromaqnit dalğalarının təsir səviyyəsinin azaldılması üzrə işlər aparır.
Texnologiyaların təkmilləşdirilməsi və geniş imkanlara malik standartların inkişafı eletkromaqnit dalğalarının təsirinin azaldılması məsələsini daha asan həll edir ki, bu da öz növbəsində, yeni texnologiyaların və rabitə standartlarının istifadəsi ilə məşğul olan operatorların maraqlarını artırır.