...

Azercell "World Communication Awards" mükafatına namizəddir

Telekommunikasiya Materials 15 Sentyabr 2010 19:25 (UTC +04:00)
"Azercell Telekom" MMC bu il "World Communication Awards" (WCA - Ümumdünya Kommunikasiya Mükafatı) kimi nüfuzlu müsabiqədə iki nominasiya üzrə finala çıxıb.
Azercell "World Communication Awards" mükafatına namizəddir

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

"Azercell Telekom" MMC bu il "World Communication Awards" (WCA - Ümumdünya Kommunikasiya Mükafatı) kimi nüfuzlu müsabiqədə iki nominasiya üzrə finala çıxıb. Bu barədə şirkətdən verilən məlumatda deyilir.

WCA 2010-un yüzlərlə iştirakçısı arasında məhz Azərbaycanın lider mobil operatorunun "Yaşıl Mükafat" (Green Award) və "Ən yaxşı Heyət" (Best Team) mükafatları üzrə namizədliyi seçilib.

"Azercell" Korporativ Sosial Məsuliyyət istiqamətindəki fəaliyyətinə görə "Yaşıl Mükafat" kateqoriyasında ilkin qalib gəlib. Digər "Ən yaxşı Heyət" kateqoriyasında isə "Azercell"in bir neçə ay öncə rebrendinq əməliyyatını çox uğurla reallaşdırması nəzərə alınıb.

"World Communication Awards" mükafatının təsis edilməsinin əsas məqsədi kommunikasiya sənayesinin inkişafına gətirib çıxaran təşəbbüslər, yeni xidmətlər və bu istiqamətdə fəaliyyət göstərən örnək şirkətləri dünyaya tanıtmaqdır. Müsabiqənin münsiflər heyəti finala namizədləri seçərkən şirkətlərin təqdim etdiyi xidmətlərin səviyyəsi ilə yanaşı, onların qiymətinin də bazara uyğun olması və s. kimi göstəricilərə önəm verirlər. Həmçinin, şirkətlərin müştərilərlə işi, insan qaynaqlarına verdiyi önəm və xeyli digər məqamlara diqqət yetirilir.

Şirkət Prezidenti Əli Ağan bu cür nüfuzlu müsabiqədə "Azercell"in iki kateqoriya üzrə qalibliyə namizəd seçilməsini çox yüksək qiymətləndirib. "Biz fəxr edirik ki, məhz korporativ sosial məsuliyyət sahəsində şirkətimizin əməyi qiymətləndirilib. Həm də rebrendinq prosesinin uğurla həyata keçirilməsinin diqqətə alınması da bizi sevindirir. İşimizin bu cür nüfuzlu qurum tərəfindən qiymətləndirilməsi "Azercell"in əldə etdiyi nailiyyətlərin dünya çapında tanınmasının bariz nümunəsidir. Eyni zamanda, məhz Azərbaycan şirkətinin bu yüksək ada layiq görülməsi bizim üçün böyük fəxrdir", - Ağan deyib.

"World Communication Awards" müsabiqəsinin builki qaliblərinin adları noyabrın 24-də Londonda keçiriləcək təntənəli mərasimdə açıqlanacaq. Qeyd edək ki, "Azercell"in aid olduğu "TeliaSonera" şirkətlər qrupu da bu müsabiqədə digər iki nominasiya üzrə qalibliyə namizəddir. "TeliaSonera" "Müştərilərlə İş"inə görə, həmçinin "Ən yaxşı Satış Göstərici"lərinə görə bu müsabiqənin finalına vəsiqə qazanıb.

"Azercell Telekom" MMC Azərbaycanda fəaliyyət göstərən ən iri mobil operatordur. Mobil texnologiyanın ən son yeniliklərini ilk olaraq Azərbaycana gətirən "Azercell"in abonentlərinin sayı 4 milyonu keçib.

Xəbər lenti

Xəbər lenti