Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda telekommunikasiya sahəsindəki dövlət müəssisələrinin özəlləşdirilməsi onların gələcək fəaliyyətinə təsir göstərməyəcək. Bu barədə bazar ertəsi Azərbaycanın rabitə və inforfmasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Vəlizadənin sözlərinə görə, bu gün "Bakı Telefon Rabitəsi" və "Aztelekom" İstehsalat birlikləri inkişaf edir və onların şəbəkə infrastrukturlarının modernləşdirilməsi üçün əhəmiyyətli investisiyalar qoyulur ki, bunun nəticəsində də ilin sonunadək respublikanın statisonar rabitə şəbəkəsinin 100 faiz rəqəmləşdirilməsinə nail olunacaq.
"Bu gün rabitəçilərin əsas problemi əhalinin sabit, keyfiyyətli, müasir və əlverişli rabitə ilə təmin olunmasıdır", - Vəlizadə bildirib.
Dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi haqqında məsələ Türkiyənin nəqliyyat naziri Binəli Yıldırımın avqustda Azərbaycana səfəri çərçivəsində aktuallıq əldə edib. Görüşlərdə Türkiyənin "Turktelecom" şirkətinin Azərbaycanın telekommunikasiya bazarına ekspansiyasına maraqlı olması, eləcə də Azərbaycan tərəfinin "Aztelekom"un özəlləşdirilməsində Türkiyə operatorunun pay iştirakı məsələsinə baxmağa hazır olması barədə fikirlər səsləndirilib.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da elekommunikasiya müəssisələrinin özəlləşdirilməsi kifayət qədər mürəkkəb prosesdir. Bu gün Azərbaycanda Bakcell, Azercell, CATEL, Ultel şirkətləri, eləcə də Bakteleqraf və Qasid kimi dövlət müəssisələri özəlləşdirilib. Gündəlikdə isə "Bakı Telefon Rabitəsi" və "Aztelekom" İstehsalat birliklərinin, beynəlxalq əlaqələrin təşkili məqsədilə istifadə olunan "Teleradio" yerüstü rabitə peyki stansiyasının özəlləşdirilməsi durur.
Telekommunikasiya sahəsinin müəssisələrinin özəlləşdirilməsi məsələsi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü zamanı irəli sürülən şərtlərdən biridir.
Dünya bazarındakı vəziyyət özəlləşdirmə planında ciddi addımların atılmasını, eləcə də əlverişli rəqabət mühitinin yaradılmasını diqtə edir. Bu, bazarın gələcək inkişafına, təklif olunan xidmətlərin keyfiyyətinin artırılmasına və kəmiyyətinin çoxalmasına, tariflərin aşağı salınmasına kömək etməlidir.