Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın mobil rabitə operatoru Azerfon rouminq xidmətləri üzrə xüsusi tarif paketi hazırlayır. Bu barədə çərşənbə günü şirkətin baş direktoru Yurgen Pits deyib.
"Biz Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rouminq xidmətlərinin tariflərinin azaldılması üzrə təşəbbüsünü dəstəkləyirik. Rouminqin yeni tariflərini gələn il təqdim etməyi planlaşdırırıq, Vodafone şirkəti ilə əməkdaşlıq isə bunun üçün bizə əlavə imkanlar verir", - Pits qeyd edib.
Baş direktorun sözlərinə görə, onun başçılıq etdiyi şirkətdə çoxlu sayda peşəkar kadrların olması daha maraqlı, o cümlədən şəbəkə infrastrukturunun gücləndirilməsi və abonentlərə keyfiyyətcə yeni yanaşma üzrə məhsul və xidmətləri təqdim etməyə imkan verəcək.
"Azerfon-un inkişaf strategiyası Azərbaycan Prezideti tərəfindən təsdiq edilən milli strategiyaya uyğundur və biz Azərbaycanın regional informasiya və innovasiya mərkəzinə çevrilməsinə öz töhfəmizi vermək üçün çalışacağıq", - Pits qeyd edib.