Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı 261 400 nəfər təşkil edir. Bu barədə "Facebakers" araşdırma şirkətinin noyabrın 5-nə olan vəziyyət üzrə hesabatında deyilir. Hesabat bazar ertəsi təşkilatın saytında dərc olunub.
Son ay ərzində Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 9,2 faiz (22 140 nəfər) artıb.
"Facebook"un Azərbaycan seqmenti daxil olanlar reytinqində 96-cı yerdədir. "Facebook" şəbəkəsindən Azərbaycan əhalisinin 3,15 faizi istifadə edir. Bu, ayın əvvəli ilə müqayisədə 0,27 faiz çoxdur.
Azərbaycanın internet istifadəçilərinin ümumi sayı arasında sosial şəbəkə istifadəçilərinin sayı 0,6 faiz artaraq, 7,09 faiz təşkil edib.
İstifadəçilərin ümumi sayının 63 faizini kişilər təşkil edir.
Daxil olanların sayı üzrə birinci yer 18 yaşdan 24-dək (50 faiz) olan müştərilərə, təxminən yarısı 25-dən 34-dək (26 faiz) yaş kateqoriyasından olanlara, üçüncü yer isə 16-dan 17-dək (9 faiz) yaş kateqoriyasından olan auditoriyaya məxsusdur.
13-15, 35-44 və ondan yuxarı yaş kateqoriyalarının payına altı faiz düşür, iki faiz 45-54 yaş və yalnız bir faiz 55-64, 65 və ondan yuxarı yaş kateqoriyasından olan istifadəçilərin payına düşür.
Azərbaycan "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayına görə Latviya (214 380 istifadəçi), Belarus (175 380), Qazaxıstan (175 080), Moldova (133 300), Ermənistan (100 880), Özbəkistan (41 580), Qırğızıstan (30 800), Tacikistan (9 660) və Türkmənistan (7 400) kimi ölkələri qabaqlayır.
"Facebakers"in versiyasına görə, ölkələrin ilk beşliyinə ABŞ, İndoneziya, Böyük Britaniya, Türkiyə və Fransa daxildir.
"Facebook" istifadəçilərinin ümumi sayı 574 458 400 nəfər təşkil edir.
"Facebook" şəbəkəsi 2004-cü il fevralın 4-dən fəaliyyətə başlayıb. Bu gün servisdən dünyanın 60 dilində, eləcə də Azərbaycan dilində istifadə olunur.