...

Azərbaycanda analoq teleradio yayımın tam dayandırılması 2013-cü ildə olacaq

Telekommunikasiya Materials 16 Fevral 2011 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda analoq yayım 2013-cü ildə dayandırılacq. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi rəqəmsal yayıma keçid üzrə proqramda deyilir.

Təsdiq edilən tədbirlər planına əsasən, Nazirlər Kabineti tərəfindən respublikanın bir sıra nazirlik və idarələrinə yeni yayım formatına keçid üzrə tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabinetinin müəyyən etdiyi işlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan qismində Milli Televiziya və Radio Şurası, Rabitə və İnformasiya Texnologiyaları, Ədliyyə, İqtisadi İnkişaf, Müdafiə Səneyesi və Təhsil nazirlikləri, Dövlət Radiotezliklər İdarəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komissiyası çıxış edir.

2011-ci il üçün planlara əsasən, rəqəmsal televiziyanın tətbiqi və inkişafı üçün tezlik planının hazırlanması, rəqəmsal paketin və açıq və qapalı telekanalların tərkibin müəyyənləşdirilməsi, normativ-hüquqi və qanunvericilik aktlarına və rəqəmsal yayım üzrə lisenziyalaşdırma qaydalarına dəyişikliklər və rəqəmsal yayımın standartlarının müəyyənləşdirilməsi, eləcə də rəqəmsal televiziya üçün dekoder və ötürücülərin təşkili üzrə təkliflərin hazırlanması nəzərdə tutulub.

2012-ci ilin sonunadək tezlik zolağının konversiyası üzrə təkliflərin, 2013-cü ilədək isə rəqəmsal avadanlıq üzrə mütəxəssislərin, rəqəmsal formatlı dekoder və ötürücülərin istehsalı, studiya avadanlığının, kontent və digər avadanlığın rəqəmsallaşdırılması, radiorele xətlərin və rəqəmsal radio və televiziya şəbəkələrinin yaradılması üzrə təkliflərin hazırlanması nəzərdə tutulub.

Analoq formatın tam dayandırılması 2013-cü ildə baş verəcək.

Xəbər lenti

Xəbər lenti