Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Hannoverdə martın 1-də başlayan və martın 5-də başa çatacaq CeBIT-2011 informasiya texnologiyaları sərgisinin işində iştirak edir. Bu barədə çərşənbə axşamı nazirlikdən bildirilib.
Sərgidə Azərbaycanı nazirliyin beynəlxalq əlaqələr və qeyri-hökumət təşkilatları ilə iş üzrə protokol şöbəsinin aparıcı müşaviri Toğrul Qafarbəyli və "Dilmanc" layihəsinin əməkdaşı Rauf Fətullayev təmsil edir.
Ötən ildən fərqli olaraq, bu dəfə Azərbaycan öz stendi ilə iştirak etmir. Nazirlik mütəxəssislərinin iştirakı tanışlıq xarakteri daşıyır və təcrübə və bazar tendensiyasının öyrənilməsinə istiqamətlənib.
CeBIT Hannover sərgisi yüksək texnologiyalar sahəsində böyük hadisə hesab edilir.
Bu il CeBIT-in başlıca mövzusu "Work and Life with the Cloud"dur ("bulud texnologiyaları" ilə iş və həyatdır). Sərgi ərazi baxımından dörd hissəyə bölünüb: CeBIT pro, CeBIT gov, CeBIT life və CeBIT lab.
CeBIT pro bölməsi biznes həllərinə, CeBIT gov İT sistemin hakimiyyətin bütün səviyyələrində idarəetmə mexanizmlərinin roluna həsr edilib. CeBIT life pavilyonlarının istifadəçi həlləri informasiya texnologiyalarının şəxsi həyata və işə təsirini nümayiş etdirəcək. CeBIT lab ekspozisiyası gələcək texnologiyalara və ideyaların prototiplərə transormasiyasına həsr edilib. CeBIT 2011 sərgisinin istifadəçilərə hədəflənən strukturu auditoriya ilə daha effektli ünsiyyət qurmağa imkan verəcək.
Təşkilatçıların proqnozlarına görə, bu il sərgidə dörd mindən çox eksponent iştirak edəcək, İT-sənayenin həll və məhsulları ilə 350 mindən çox insan tanış olacaq. Tədbir çərçivəsində "Dünyanın yaxşılaşdırılması üçün İKT həllər", "Real vaxtda biznes", "Əyləncə və mobillik - real və virtual dünyanın birləşdirilməsi", "Sosial media: danışıq qabiliyyəti" kimi mövzulara həsr edilən konfrans və "dəyirmi masa"lar keçiriləcək.
Forumda İKT sahəsinin yeniliklərini Intel, Microsoft, Motorola, Cisco Systems və digər böyük vendorlar nümayiş etdirəcək.