...

Azercell "Eurovision-2012" mahnı müsabiqəsinin əsas tərəfdaşı oldu

Telekommunikasiya Materials 16 Avqust 2011 18:11 (UTC +04:00)
Bu gün Avropa Yayım Birliyi (AYB) Azərbaycanın ən böyük mobil rabitə operatoru və "TeliaSonera" qrupunun üzvü olan Azercell şirkətini Azərbaycanın paytaxtı Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin əsas tərəfdaşı elan etmişdir.
Azercell "Eurovision-2012" mahnı müsabiqəsinin əsas tərəfdaşı oldu

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Bu gün Avropa Yayım Birliyi (AYB) Azərbaycanın ən böyük mobil rabitə operatoru və "TeliaSonera" qrupunun üzvü olan Azercell şirkətini Azərbaycanın paytaxtı Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin əsas tərəfdaşı elan etmişdir. Üç şou - 22 və 24 may tarixlərindəki yarım final mərhələləri və 26 may tarixində final mərhələsi Azərbaycanın ictimai yayım şirkəti İctimai TV vasitəsilə televiziyada canlı yayımlanacaqdır.

Azercell Azərbaycanın mobil rabitə bazarında 55 faizdən artıq payı ilə ölkənin ən böyük mobil operatorudur və yeni texnologiyaları tətbiq edən, geniş çeşidli məhsul və xidmətləri təqdim edən təşkilat kimi Azərbaycanda mobil rabitə sahəsində tendensiyaları formalaşdıran qurum kimi tanınır. Azercell Nordik və Baltik ölkələrdə, İspaniya və Avrasiyanın formalaşan bazarlarında, Rusiya və Türkiyədə fəaliyyət göstərən Avropanın beşinci ən böyük telekommunikasiya şirkəti "TeliaSonera"-nın bir hissəsidir. "TeliaSonera" Helsinkidə 2007-ci ildə keçirilmiş "Eurovision" mahnı müsabiqəsinin də əsas tərəfdaşı olmuşdur.

2012-ci il üzrə "Eurovision" mahnı müsabiqəsinin əsas tərəfdaşı kimi Azercell-ə Azərbaycanda gözlənilən tədbirləri işıqlandırmaq məqsədilə geniş pan-Avropa media, assosiasiya, tədbir və xəbərləri hazırlayan media hüquqları verilmişdir.

Eurovision TV-nin direktor vəzifəsini icra edən Yorqen Frank bildirmişdir: "Biz artıq bu mərhələdə Avropanın sevimli TV şousuna böyük maraq göstərən Azercell-in müsabiqədə Təqdim Tərəfdaş kimi çıxış etməsindən məmnunuq".

Azercell Telekom MMC-nin Prezidenti Ali Ağan qeyd etmişdir: "Biz Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin əsas tərəfdaşı olmaqdan qürur hissi duyuruq. Azercell hər zaman Azərbaycanın dünyada tanıdılmasına xüsusi əhəmiyyət vermiş və bu müsabiqə hamımız üçün gözəl bir fürsətdir. Biz Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin bir hissəsi olmaqdan fəxr edirik və bu sevinci 2012-ci ildə ölkəmizlə bölüşəcəyik".

"Eurovision" mahnı müsabiqəsi üçün AYB-nin hazırladığı beynəlxalq kommersiya və marketinq platformasının bir hissəsi olan saziş İsveçrənin Lusern şəhərində yerləşən T.E.A.M. (Televiziya Tədbirləri və Media Marketinqi AG) şirkəti tərəfindən razılaşdırılmışdır. Bu şirkət 2004-cü ildən etibarən "Eurovision" mahnı müsabiqəsinin kommersiya hüquqlarına malik dünya miqyaslında eksklüziv marketinq agentliyidir.

Tarixi 1956-ci ilə təsadüf edən "Eurovision" mahnı müsabiqəsinin zəngin ənənə və irsi var. O, azad yayımlanan televiziya və "onlayn" formatında mühüm vaxtda "Eurovision" peyk şəbəkəsi ilə canlı verilən əsl pan-Avropa televiziya proqramlarından biridir. Üç şou Avropa və onun kənarlarında yaşayan ümumi hesabla 100 milyondan artıq tamaşaçını cəlb edir.

Xəbər lenti

Xəbər lenti