Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir H.Vəliyev/
"Azercell Telekom" MMC tələbələr üçün növbəti təqaüd proqramına start verib.
Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, bu il oktyabrın 3-dən başlayan Tələbə Təqaüd Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.
Ətraflı məlumat üçün: http://www.azercell.com/career/students/
Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər "Azercell" şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.
Daim Azərbaycanın akademik potensialının yüksəlməsinə yönəlmiş layihələri dəstəkləyən "Azercell" şirkəti Tələbə Təqaüdü Proqramı vasitəsilə müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onlara gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq niyyətindədir.
"Azercell" Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 20-dən çox tələbə "Azercell" şirkətinin təqaüdçüsü adına layiq görülüb. Onlar "Azercell"dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar. Bununla da "Azercell Telekom" MMC korporativ sosial məsuliyyətli fəaliyyətini gücləndirir və cəmiyyətimizə daha artıq töhfə verir.
Proqrama qoşulmaq üçün tələbələr oktyabrın 30-na qədər müraciət edə bilərlər.